Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqla təmin edilməsi, yeni binalarının tikilməsi və mövcud binaların təmir olunması əsas prioritetlərimizdəndir.
Bu barədə “Tehsil365”ə İdarədən məlumat verilib.
Belə ki, 2026-2027-ci tədris ilinə hazırlıq çərçivəsində şimal-qərb bölgəsinin 25 ümumtəhsil müəssisəsində və 2 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri artıq yekunlaşıb. Hazırda 69 təhsil müəssisəsində cari, 8 təhsil müəssisəsində isə əsaslı təmir işləri davam etdirilir. Qeyd olunan təhsil müəssisələrində aparılan təmir işləri yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulur.
Bununla yanaşı, 15 sentyabrda yeni tikilmiş Balakən rayonunun Bedağar kənd tam orta ümumtəhsil məktəbinin açılışının keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, hazırda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində 353 ümumi təhsil, 204 məktəbəqədər və 12 məktəbdənkənar təhsil müəssisəsi olmaqla, ümumilikdə 569 təhsil müəssisəsi fəaliyyət göstərir.

