“Ali təhsilli valideynlərin övladları 84 bal daha yüksək nəticə göstərib”.
“Tehsil365” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İctimai TV-yə müsahibəsində bildirib.
Nazir bildirib ki, valideynin təhsil səviyyəsi yüksəldikcə şagirdlərin topladığı ballarda da artım müşahidə olunur:
“Orta təhsilini bitirməyən valideynlərin övladları ilə tam orta, orta ixtisas və ali təhsilli valideynlərin övladlarının nəticələri arasında ciddi fərq var. Birinci qrupda nəticə 391 bal olduğu halda, digər qrupda bu göstərici 475 bala çatır. Bu, təxminən 4 tədris ilinə qədər fərq deməkdir”, - deyə E.Əmrullayev qeyd edib.
Nazirin sözlərinə görə, bunun əsas səbəblərindən biri valideynin təhsil səviyyəsinin evdə uşağa göstərilən dəstəyə təsir etməsidir.
E.Əmrullayev vurğulayıb ki, ali təhsilli Azərbaycan vətəndaşlarının sayının artması uzunmüddətli perspektivdə təhsil nəticələrinin yaxşılaşmasına da təsir göstərə bilər:
“Ali təhsilli insanlar valideyn olduqda öz övladlarına daha çox dəstək verirlər. Ona görə də cəmiyyətdə ali təhsilli insanların sayının artmasının tərəfdarıyıq ki, gələcəkdə bu göstəricilər daha yüksək olsun”.

