"İbtidai sinif və dil-ədəbiyyat müəllimlərinin də oxu bacarıqlarına diqqəti artmalıdır".
“Tehsil365” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İctimai TV-yə müsahibəsində bildirib.
Nazir bildirib ki, Elm və Təhsil Nazirliyi təhsil siyasətinə qısamüddətli deyil, uzunmüddətli və mərhələli inkişaf strategiyası kimi yanaşır. 2015-ci ildə məktəbəqədər təhsildə əhatəlilik 15 faiz idisə, hazırda bu göstərici 45 faizə çatıb. Hər il 5–10 faiz artımla bu səviyyəyə gəlinib və növbəti illərdə göstəricinin 50, daha sonra 52 faizə çatdırılması hədəflənir.
Emin Əmrullayev PISA 2025 nəticələrinin dərin təhlil olunacağını və növbəti dövrü PISA 2029-u hədəfləyən xüsusi fəaliyyət planının tərtib ediləcəyini vurğulayıb. Nazirin sözlərinə görə, PISA nəticələri əsas diqqət yetirilməli olan məqamları aydın göstərir. Birmənalı şəkildə oxu bacarıqlarına diqqət artırılmalıdır və bu süreç məhz ibtidai təhsildən başlamalıdır. Çünki 13–15 yaşlı, 8–9-cu sinif şagirdinin oxu bacarığını inkişaf etdirmək ibtidai siniflə müqayisədə daha çətindir.
Nazir 2017-ci ildən etibarən Dövlət İmtahan Mərkəzi (DİM) ilə sıx əməkdaşlıq çərçivəsində 9 və 11-ci sinif buraxılış imtahanlarına açıq və yazılı tipli sualların əlavə olunmasının müsbət nəticə verdiyini diqqətə çatdırıb. O qeyd edib ki, əgər imtahanlarda oxu suallarının həcmi azdırsa, istər müəllimlər, istərsə də şagirdlər sırf imtahan məzmununa hazırlaşacaqlar. Bu səbəbdən yalnız qəbul və buraxılış imtahanlarında deyil, həm Müəllimlərin İşə Qəbulu (MİQ), həm də sertifikasiya imtahanlarında vahid çərçivəyə gələrək oxu bacarıqlarına daha çox pay ayrılmalıdır. İbtidai sinif və dil-ədəbiyyat müəllimlərinin də oxu bacarıqlarına diqqəti artmalıdır.
E. Əmrullayev PISA qiymətləndirməsinin təhsil sistemindəki zəif və güclü tərəfləri üzə çıxarmaq üçün mühüm vasitə olduğunu bildirib. Müəyyən olunmuş zəif nöqtələrə — Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Lənkəran-Astara, Qazax-Ağstafa və digər iqtisadi zonaları əhatə edən bölgələrə fokuslanılacaq. Təbiət elmləri, riyaziyyat və oxu bacarıqları üzrə həmin regionlarda hədəfli fəaliyyət planı həyata keçiriləcək və növbəti dövrdə həmin ərazilərdə də uğurlu təkmilləşməyə nail olunmağa çalışılacaq.

