Məktəblilərin bilik və bacarıqlarını qiymətləndirən Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının (PISA) 2025-ci il nəticələri açıqlanıb.
OECD tərəfindən həyata keçirilən tədqiqatda 91 ölkə və iqtisadiyyatdan 760 minə yaxın 15 yaşlı şagird iştirak edib.
“Tehsil365” xəbər verir ki, Şərqi Asiya ölkələri və iqtisadiyyatları bu dəfə də dünya reytinqində lider mövqelərini qoruyublar.
Riyaziyyat savadlılığı üzrə reytinqə Çinin B-S-J-Z (Pekin–Şanxay–Cianqsu–Çjetszyan) bölgələri başçılıq edib. İlk onluqda Sinqapur, Makao (Çin), Çin Taypeyi, Yaponiya, Cənubi Koreya, Estoniya, İsveçrə, Polşa və Birləşmiş Krallıq yer alıb. Beləliklə, riyaziyyat üzrə ilk 10-luğun böyük hissəsini Asiya ölkələri və iqtisadiyyatları təşkil edib.
Oxu savadlılığı sahəsində isə birinci yeri Sinqapur tutub. Sonrakı pillələrdə B-S-J-Z (Çin), Çin Taypeyi, Yaponiya, Cənubi Koreya, Estoniya, İrlandiya, Makao (Çin), Polşa və Birləşmiş Krallıq qərarlaşıb. Hesabat göstərir ki, bir çox ölkələrdə oxu göstəricilərində geriləmə müşahidə olunsa da, Sinqapur və digər lider ölkələr yüksək nəticələrini qoruyub saxlaya biliblər.
Təbiət elmləri üzrə isə ilk sırada yenidən B-S-J-Z (Çin) yer alıb. İlk onluqda həmçinin Sinqapur, Yaponiya, Cənubi Koreya, Estoniya, Çin Taypeyi, Makao (Çin), Birləşmiş Krallıq, ABŞ və Kanada qərarlaşıb. Bu sahədə də Asiya ölkələrinin üstünlüyü diqqət çəkib.
Ümumilikdə, PISA 2025 nəticələrinə əsasən, B-S-J-Z (Çin) və Sinqapur hər üç istiqamət üzrə dünyanın ən uğurlu təhsil sistemləri olub. Estoniya, Yaponiya, Cənubi Koreya, Makao (Çin), Çin Taypeyi və Birləşmiş Krallıq da həm riyaziyyat, həm oxu, həm də təbiət elmləri üzrə ilk 10-luqda yer almağı bacarıb. OECD eyni zamanda bildirib ki, son qiymətləndirmənin nəticələri bir çox ölkələrdə şagird nailiyyətlərinin azaldığını göstərir.

