Bakı Mühəndislik Universitetinə (BMU) bu il qəbul olunan I kurs tələbələri ilə tanışlıq görüşləri davam edir. Növbəti görüş Mühəndislik fakültəsinin ixtisaslarına qəbul olunmuş yeni tələbələrlə keçirilib.
“Tehsil365” xəbər verir ki, görüşdə çıxış edən fakültənin dekanı Asif Quliyev tələbələri universitet rəhbərliyi adından təbrik edib, onlara ali təhsil həyatında uğurlar arzulayıb. Dekan BMU-da formalaşdırılan müasir təhsil mühiti, fakültənin fəaliyyəti, tədris prosesi və tələbələr üçün yaradılmış əlverişli şərait barədə geniş məlumat verib. O, tələbələrə universitet illərindən səmərəli yararlanmağı, akademik göstəricilərini davamlı şəkildə yüksəltməyi tövsiyə edib.
Görüşdə tələbələrin akademik inkişafı, tədris prosesində fəal iştirakı, müasir bilik və bacarıqlara yiyələnməsi, eləcə də universitetin təqdim etdiyi imkanlardan və beynəlxalq layihələrdən yararlanmasının əhəmiyyəti vurğulanıb. Yeni tələbələr BMU-nun elektron idarəetmə sistemi, daxili nizam-intizam qaydaları, tədris infrastrukturu, həmçinin fəaliyyəti yenidən qurulan mühəndislik və digər laboratoriyaların maddi-texniki bazası barədə məlumatlandırılıblar.
Bununla yanaşı, geniş və müasir kampus infrastrukturu ilə seçilən BMU-da tələbələrin təhsil və sosial həyatının səmərəli təşkili üçün yaradılan şərait diqqətə çatdırılıb. Bu çərçivədə tələbələrin asudə vaxtlarının səmərəli təşkili, şəxsi inkişafının dəstəklənməsi, müxtəlif ictimai və akademik fəaliyyətlərdə iştirakına imkan verən tələbə təşkilatları və klubların fəaliyyəti barədə məlumat verilib. Tələbələrin universitet həyatında aktiv iştirakının onların həm şəxsi, həm də peşəkar inkişafında mühüm rol oynadığı qeyd olunub.
Tədbirin sonunda fakültənin ingilis bölmələrinə qəbul olunan tələbələrin dil bilikləri səviyyəsinə uyğun qruplarda yerləşdirilməsini və ingilis dili bacarıqlarının daha səmərəli inkişafını təmin etmək məqsədilə müvafiq imtahan keçirilib.

