Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin strukturunda və fəaliyyətində zərərli dəyişikliklərə səbəb ola bilər.
“Tehsil365” xəbər verir ki, European Heart jurnalında dərc olunan araşdırmada ürək-damar xəstəliyi olmayan 11 071 şəxsin məlumatları təhlil edilib.
İştirakçıların gecə ərzində işığa məruz qalma səviyyəsi izlənilib və bir neçə il sonra ürəklərinin MRT müayinəsi aparılıb.
Nəticələr göstərib ki, gecə daha çox işığa məruz qalan şəxslərdə ürəyin sol mədəciyində böyümə, ürək divarında qalınlaşma və ürəyin yığılma qabiliyyətində azalma müşahidə olunub.
Araşdırmaya görə, ən yüksək işıq qrupunda olan şəxslərdə ən az işığa məruz qalanlarla müqayisədə ürək çatışmazlığı riski 29 faiz, infarkt riski 24 faiz, insult riski 33 faiz, ürək-damar xəstəliklərindən ölüm riski isə 26 faiz daha yüksəkdir.
Mütəxəssislər gecə işığının təsirini azaltmaq üçün yataq otağında qalın pərdələrdən istifadə etməyi, isti rəngli işıqlandırmaya üstünlük verməyi və elektron cihazların LED işıqlarını söndürməyi tövsiyə edirlər.

