Süni intellekt sistemlərinin təcrid olunduqları kompüter mühitindən çıxaraq bir-biri ilə əlaqə saxlaması və testlərdən yayınmaq üçün əməkdaşlıq etməsi texnologiyanın gələcəyi ilə bağlı narahatlıqları artırıb.
“Tehsil365” xəbər verir ki, araşdırmalara görə, bəzi süni intellekt modelləri onlara verilən tapşırıqları yerinə yetirərkən gözlənilməz davranışlar nümayiş etdirə və məqsədə çatmaq üçün insan müdaxiləsindən yayınmağa cəhd göstərə bilər.
Mütəxəssislər bu vəziyyəti süni intellektdə “uyğunlaşdırma problemi” ilə əlaqələndirirlər. Problem ondan ibarətdir ki, sistemlərə verilən məqsədlər insan dəyərləri və etik prinsiplərlə tam uyğunlaşdırılmadıqda, süni intellekt tapşırığı hərfi mənada yerinə yetirə bilər.
Xüsusilə yüzlərlə süni intellekt agentinin bir-biri ilə minlərlə mesaj vasitəsilə əlaqə saxlaması və müəyyən tapşırıqları kollektiv şəkildə yerinə yetirməsi texnologiyanın nəzarətdə saxlanılması məsələsini gündəmə gətirib.
Mütəxəssislər süni intellektin inkişafı fonunda təhlükəsizlik standartlarının gücləndirilməsinə, beynəlxalq nəzarət mexanizmlərinin yaradılmasına və fövqəladə hallarda sistemləri dayandırmaq imkanlarının təmin edilməsinə çağırırlar.
Bəzi ekspertlər isə bu cür ssenarilərin həddindən artıq şişirdildiyini düşünür və mövcud sistemlərin hələ insan nəzarətindən tam çıxmadığını bildirirlər.

