“BilBacar” müsabiqəsində 190 minə yaxın şagird iştirak edib.
“Tehsil365” xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışı zamanı bildirib.
Eşqi Bağırov bildirib ki, ümumi təhsil müəssisələrində həyata keçirilən layihələrin əhatəliliyi yeni tədris ilində daha da genişləndiriləcək.
Onun sözlərinə görə, ötən tədris ilində 700 məktəbdə tətbiq olunan layihənin əhatə dairəsi yeni tədris ilindən 1000 məktəbə çatdırılacaq. Bu layihələr üzrə şagirdlərin sayının isə 630 minə çatdırılması nəzərdə tutulur.
Agentlik direktoru STEM tədrisinin də genişləndirildiyini qeyd edib. Bildirib ki, bu istiqamətdə həm məktəblərin, həm də şagirdlərin əhatə dairəsi artırılır.
Eşqi Bağırov şagirdlərin səriştəəsaslı sualları cavablandırmaq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunan “BilBacar” müsabiqəsindən də danışıb. O bildirib ki, ötən tədris ilində müsabiqədə 190 minə yaxın şagird iştirak edib.
Agentlik direktoru son iki il ərzində tətbiq olunan yeni təmayül tədris modeli barədə də məlumat verib.
Onun sözlərinə görə, layihənin əsas məqsədi 10-11-ci sinif şagirdlərinin ali təhsil müəssisələrinə hazırlığının təmin edilməsidir.
Bildirilib ki, ötən tədris ilində 14 müəssisədə tətbiq olunan layihə yeni tədris ilindən etibarən 90 müəssisədə davam etdiriləcək.
Eşqi Bağırov qeyd edib ki, layihənin tətbiq olunduğu 14 müəssisədə nəticələr müsbət olub və qəbul göstəricisi 95 faiz təşkil edib. Təxminən 400 şagird üzrə yüksək nəticələr qeydə alınıb.
O əlavə edib ki, iyul ayında yeni 90 məktəbin elan olunmasından sonra qısa müddət ərzində 20 minə yaxın valideyn yeni müəssisələr üzrə müraciət edib.

