MİQ üzrə 6 minə yaxın namizəd müəllim adını qazanıb.
“Tehsil365” xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışı zamanı bildirib.
Eşqi Bağırov qeyd edib ki, təhsil prosesində müxtəlif platforma və layihələrdən istifadə olunsa da, əsas amil müəllim peşəkarlığıdır.
O bildirib ki, məktəblərin pedaqoji kadrlarla təmin olunması məqsədilə bir neçə ildir mərkəzləşdirilmiş işə qəbul müsabiqəsi keçirilir.
Bu müsabiqə nəticəsində son illərdə müxtəlif meyarlara cavab verən və mərhələləri uğurla keçən minlərlə müəllim ümumi təhsil müəssisələrində işə qəbul olunub.
Agentlik direktorunun sözlərinə görə, 2024-cü ildə 6 minə yaxın namizəd müsabiqədən uğurla keçərək müəllim adını qazanıb.
Eşqi Bağırov xüsusilə böyük məktəblərdə müəllimlərin işə qəbul ballarının yüksək olduğunu vurğulayıb.
“Şagird sayı baxımından irimiqyaslı məktəblərdə ibtidai sinif müəllimliyi, riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müəllimlərin minimal işə qəbul balları 80-90 faizdən yuxarı dəyişir. Bu, çox sevindirici haldır”, - deyə o qeyd edib.
O əlavə edib ki, müsabiqə nəticəsində ucqar kənd məktəblərinin pedaqoji kadrlarla təminatı da yüksək səviyyədə həyata keçirilib.
Eşqi Bağırov bu istiqamətdə tətbiq olunan layihələrdən də danışıb. O, ötən tədris ilində 8 müəssisədə tətbiq olunan hibrid təhsil modelini xüsusi vurğulayıb.
Bildirib ki, bu model çərçivəsində kadr təminatı mümkün olmayan məktəblərə yüksək nəticələri ilə seçilən müəllimlər onlayn formada cəlb edilərək distant tədris həyata keçirirlər.

