"4-cü sinif şagirdlərinin oxu nəticələrində artım müşahidə olunur".
“Tehsil365” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, nazirin müşaviri Elnur Əliyev çıxışı zamanı bildirib.
Elnur Əliyev qeyd edib ki, artıq 5 ildir ibtidai təhsilin sonunda şagirdlərin oxu və riyazi bacarıqları AR Təhsil İnstitutu tərəfindən ölçülür.
Onun sözlərinə görə, monitorinq bütün şagirdləri əhatə edir və əsas məqsəd ibtidai təhsil səviyyəsinin sonunda şagirdlərin bilik və bacarıqlarının vəziyyətini müəyyənləşdirməkdir.
Elnur Əliyev bildirib ki, müxtəlif illərin nəticələrini müqayisə etmək üçün 2023-2024-cü tədris ilinin nəticələri baza ili kimi götürülüb və nəticələr 500 ballıq şkalaya uyğunlaşdırılıb.
“23-24-cü il nəticələri baza ili olaraq hesab olunub. Həmin ildə şagirdlərin nəticələrinin orta balı 500-ə gətirilib.
Bundan sonrakı illərin nəticələrini eyni şkalaya gətirməklə hər il 4-cü sinif şagirdlərinin yekun vəziyyətini əvvəlki illərlə müqayisə edə biləcəyik”, - deyə o bildirib.
Elnur Əliyevin sözlərinə görə, şagirdlərin nəticələri yalnız ballarla deyil, həm də bilik səviyyələri üzrə qiymətləndirilir. Bu məqsədlə şagirdlərin nəticələri 4 səviyyə üzrə müəyyənləşdirilir.
O qeyd edib ki, birinci səviyyədən aşağı nəticə göstərən şagirdlər risk qrupunda, yəni baza səviyyəsinə və minimum öyrənmə həddinə çatmayan şagirdlər hesab olunur. İkinci və üçüncü səviyyələr orta, dördüncü səviyyə isə yüksək inkişaf etmiş şagirdləri ifadə edir.
Elnur Əliyev bildirib ki, 4-cü siniflər üzrə oxu və riyaziyyat nəticələrinin müqayisəsində son iki ildə xüsusilə oxu bacarıqları üzrə artım tempi müşahidə olunur.

