"4-cü sinif şagirdləri həndəsə və ölçmə suallarında çətinlik çəkirlər".
“Tehsil365” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, nazirin müşaviri Elnur Əliyev çıxışı zamanı bildirib.
O qeyd edib ki, 4-cü sinif şagirdlərinin riyaziyyat üzrə nəticələri məzmun xətləri əsasında da təhlil edilib. Nəticələrə əsasən, şagirdlər ədədlər və əməllər, həmçinin cəbr və funksiyalarla bağlı tapşırıqları daha yaxşı cavablandırırlar.
Bildirilib ki, həndəsə və ölçmə məzmun xətti üzrə isə şagirdlərin nəticələri daha aşağıdır. Xüsusilə həndəsi fiqurların sahəsi və perimetri ilə bağlı tapşırıqlar ən çətin suallar sırasında yer alıb. Belə tapşırıqlarda düzgün cavablandırma faizi 38 faiz təşkil edib.
Elnur Əliyevin sözlərinə görə, statistika və ehtimal üzrə 4-cü sinif səviyyəsində tapşırıqlar əsasən sadə və baza xarakterli olsa da, şagirdlər məlumatların oxunması və müxtəlif qrafiklərdə təqdim olunan datanın təhlili ilə bağlı suallarda çətinlik çəkirlər.
O bildirib ki, ehtimalla bağlı tapşırıqlarda nəticələr daha yaxşı olduğu halda, statistika, məlumatların oxunması və qrafiklər üzrə tapşırıqlarda zəif cavablandırma müşahidə edilir. Bu istiqamətdə ibtidai sinif müəllimlərinin daha çox diqqət göstərməsinin vacib olduğu vurğulanıb.
6-cı siniflər üzrə oxu bacarıqlarının nəticələrinə toxunan Elnur Əliyev burada da oxşar mənzərənin müşahidə edildiyini deyib.
Onun sözlərinə görə, şagirdlər faktoloji sualları daha asan cavablandırır, tənqidi təfəkkür tələb edən suallarda isə nəticələr nisbətən aşağı olur. Şərh etmə və əlaqələndirmə üzrə də oxşar vəziyyət qeydə alınıb.
6-cı siniflərin riyaziyyat nəticələrində də həndəsə və ölçmə məzmun xəttinin şagirdlər üçün daha çətin olduğu bildirilib.
“Bir daha buradan demək olar ki, bu istiqamətə diqqət artmalıdır”, – deyə Elnur Əliyev qeyd edib.

