"Şagirdlərin 16,5 faizi iki il ərzində daha yüksək səviyyəyə keçib".
“Tehsil365” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, nazirin müşaviri Elnur Əliyev çıxışı zamanı bildirib.
O qeyd edib ki, təbiət fənni üzrə nəticələr məzmun xətləri əsasında da təhlil olunub. Şagirdlər insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi kimi istiqamətlər üzrə tapşırıqları daha yaxşı cavablandırıblar.
Bildirilib ki, fizika və kimya yönümlü məzmun xətlərində nəticələr nisbətən aşağıdır.
Xüsusilə enerji, qüvvə və hərəkət, maddə və onların xassələri ilə bağlı tapşırıqlarda şagirdlərin daha çox çətinlik çəkdiyi müəyyənləşib.
Elnur Əliyev 4-cü və 6-cı siniflər üzrə eyni şagird qrupunun nəticələrinin müqayisəli təhlilinə də diqqət çəkib.
Onun sözlərinə görə, 2023- 2024-cü tədris ilində 4-cü sinifdə qiymətləndirilən həmin şagirdlər iki il sonra, 6-cı sinifdə yenidən qiymətləndirilib.
Bu yanaşma vasitəsilə şagirdlərin 4-cü sinifdə hansı səviyyədə olduğu və iki il ərzində həmin səviyyənin necə dəyişdiyi müəyyənləşdirilib.
Elnur Əliyevin sözlərinə görə, ümumi mənzərə müsbətdir. Belə ki, şagirdlərin 16,5 faizi əvvəlki səviyyəsi ilə müqayisədə daha yüksək səviyyəyə yüksəlib.
O bildirib ki, bu nəticələr şagirdlərin iki il ərzində inkişaf dinamikasını izləməyə və onların hansı istiqamətdə əlavə dəstəyə ehtiyac duyduğunu müəyyənləşdirməyə imkan verir.

