Qızların oxu nəticələri oğlanlardan 24 bal yüksəkdir.
“Tehsil365” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev çıxışı zamanı bildirib.
O qeyd edib ki, 4-cü sinifdən 6-cı sinfə qədər şagirdlərin səviyyələrində həm yüksəlmə, həm də geriləmə halları müşahidə olunur. Bəzi şagirdlər əvvəlki səviyyəsindən aşağı düşsə də, əksinə, aşağı səviyyədə olan şagirdlərin daha yüksək səviyyəyə qalxması da qeydə alınıb.
Elnur Əliyevin sözlərinə görə, hətta 1-ci səviyyədən 4-cü səviyyəyə yüksələn şagirdlər də var. Bu isə düzgün və məqsədyönlü dəstək göstərildikdə zəif nəticə göstərən şagirdlərin də əhəmiyyətli inkişaf edə biləcəyini göstərir.
Oxu üzrə nəticələrə toxunan Elnur Əliyev bildirib ki, iki il ərzində şagirdlərin 15,3 faizi daha yüksək səviyyəyə qalxıb. Eyni dövrdə 9,3 faiz şagird isə əvvəlki səviyyəsindən aşağı düşüb.
O, şagirdlərin nəticələrini qız və oğlanlar üzrə də müqayisə edib. Bildirib ki, 4-cü sinifdə qızların oxu nəticələri oğlanların nəticələrindən 24 bal yüksəkdir.
4-cü sinif riyaziyyat üzrə isə nəticələr demək olar ki, bərabərdir. Burada cüzi üstünlük oğlanların tərəfindədir.
6-cı sinifdə oxu üzrə də qızların nəticələrinin oğlanlardan əhəmiyyətli dərəcədə yüksək olduğu bildirilib. Riyaziyyat üzrə isə qız və oğlanların nəticələri arasında ciddi fərq müşahidə olunmayıb.
Təbiət fənni üzrə də qız şagirdlərin nəticələrinin daha yüksək olduğu qeyd edilib.
Elnur Əliyev vurğulayıb ki, əvvəlki illərdə riyaziyyat üzrə oğlanların nəticələrinin daha yüksək olması müşahidə edilirdisə, hazırda bu fərq aradan qalxıb.
“Bu, sevindirici haldır ki, məktəblərdə artıq cinslər arasındakı qeyri-bərabərlik aradan qalxır”, – deyə Elnur Əliyev bildirib.

