“Yaxşı təhsil öz-özünə yaranmır”.
“Tehsil365” xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.
"İmtahanlarda hansısa suallarda heç bir səhvin olmaması və yaxud hansısa məktəbdə yaxşı tədbirin keçirilməsi, məktəb binasının gözəl dizayn olunmasının bir o qədər əhəmiyyəti yoxdur. Əsas məsələ uşaqların öyrənməsidir.Amma bunun əksi də çox doğrudur.
Biz eyni zamanda anlamalıyıq ki, məhz yaxşı təhsil, yəni yüksək təlim nəticələri öz-özünə yaranmır. Onlar sadaladığım və sadalamadığım alətlərin nəticəsidir.
Çox vacibdir ki, “Nə vaxt bizim yaxşı təhsilimiz olacaq?” sualının cavabının hansı alətlərdən necə və hansı şəkildə istifadə etməyimizdən asılı olduğunu başa düşək. “Necə və hansı şəkildə?” dedikdə nəyi nəzərdə tuturam? Təbii ki, müəyyən nəzəriyyələr var.
Dünyada bir çox təhsil sistemləri mövcuddur. Onların bəziləri öz nailiyyətlərinə görə digərlərindən kifayət qədər seçilir.
Həmin təhsil sistemlərinə baxaraq başa düşə bilərik ki, məsələn, hansısa ölkədə təhsil sistemi ona görə irəlidədir ki, orada müəyyən amillər bizdən fərqlidir, yaxud daha çox və ya daha azdır.
Amma bu, hələ o demək deyil ki, bizdə də eyni nəticə olacaq. Çünki hər bir ölkənin, hər bir xalqın özünəməxsus milli xüsusiyyətləri var.
Ona görə bəzi məsələlər bizdə daha sürətlə təsir göstərə bilər, bəzi məsələlər isə işləməyə bilər və yaxud cəmiyyətimizdə qəbul olunmaya bilər.
Xüsusilə islahatların ilk illərində bəzi fikirlərin daha ciddi müqavimətlə qarşılaşması, düşünürəm ki, təbiidir.
Çünki ənənəvi olaraq, hətta tam səmimi deyim, 10 il bundan əvvəl bugünkü təsirlər məktəbdə, sinifdə müəllimin bu və ya digər davranışının təlim nəticəsinə hansı şəkildə təsir etməsi ilə bağlı bizim təhsil sistemimizdə uzun illər boyu belə məlumat sistemləri olmayıb.
Bizim əlimizdə, Məleykə xanımın da qeyd etdiyi kimi, əsasən buraxılış və qəbul imtahanlarının nəticələri olub. 2013-cü ildə islahatların ilk dövründə də əsasən bu rəqəmlərə istinad edə bilirdik".

