“Dəstəyə ehtiyacı olan uşaqlara fokuslananda ölkənin nəticəsi də artır”.
“Tehsil365” xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı bildirib.
“Əlbəttə, heç kim yaxşı nəticə göstərən uşaqlarla işləməyi inkar etmir. Amma bunun həmişə əsas yanaşmaya çevrilməsi o qədər də yaxşı deyil.
Siz həmişə 600 bal toplayan, olimpiada qalibi olan uşaqlara fokuslansanız, onlar onsuz da çox az saydadır- bir nəfərdir, beş nəfərdir. Həmin uşaqlar onsuz da uğurlu olacaqlar. Onların uğurlu olması üçün nə sizə, nə mənə, nə də bizə çox böyük ehtiyacları yoxdur. İnsan istedadlıdırsa, bu və ya digər müddətdə mütləq uğur qazanacaq.
Amma nisbətən daha çox dəstəyə ehtiyacı olan insana dəstək göstərdikdə həm onun nəticəsi artır, həm ölkənin nəticəsi artır, həm də ümumi orta göstərici yüksəlir.
Həmin insanın da dəstəyə ehtiyacı var, yəni sizə ehtiyacı var. Bu mənada, həm pedaqoji, həm də ümumi yanaşmalardan bu, çox vacibdir. Məncə, bunlar daha çox ümumi konseptual fikirlərdir.
Amma biz PISA nəticələrindən də gördük ki, yenə də zəif nəticələrimiz var. Bu il mütləq bununla bağlı, inanıram ki, həm Təhsil İnstitutu, həm də Agentlik müvafiq bir planla çıxış edəcək və yaxın günlərdə bunu ictimaiyyətə təqdim edə bilərik.
Bizim bir sıra bölgələrimiz var ki, orada nəticələrin əsaslı şəkildə aşağı olduğunu görürük. Məsələn, oxu nəticələrində bir bölgəmizdə, səhv etmirəmsə, 15 yaşlı uşaqların 80 faizindən çoxu minimal nəticəyə çata bilmir.
Prinsip etibarilə, dərslik də eynidir, MİQ də eynidir, Nazirlik də eynidir. Bəs niyə bunlar baş verir? Bu sualın cavabını başa düşsək, növbəti PISA dövrünə qədər ən zəif nəticə göstərən bölgələrə mütləq inzibati şəkildə fokuslanmalı və həmin bölgələrdə geridəqalmanı aradan qaldırmağa çalışmalıyıq. Bax, bu, məncə, çox vacibdir. Ümumi şəkilə baxanda, bilmirəm, biz nəyi görürük?
Biz 13 ildən artıqdır ki, təxminən bir islahat yolu üzrə irəliləyirik. Bunun yəqin ki, bir neçə ili prosesi başa düşməyə gedib".

