“Regionlararası fərqin azaldılması əsas prioritetlərdəndir”.
“Tehsil365” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yeni tədris ili ilə bağlı qarşıya qoyulan əsas hədəflərdən biri regionlararası təhsil nəticələri fərqinin azaldılmasıdır:
“Yeni tədris ili ilə bağlı Elm və Təhsil Nazirliyinin müvafiq əmri var. Həmin əmrdə qarşımızda çox aydın, ölçülə bilən və obyektiv hədəflər müəyyən olunub. Bu hədəflərdən biri də regionlararası fərqin azaldılmasıdır.
PISA nəticələrində ümumilikdə ölkə üzrə bütün istiqamətlərdə həm oxu, həm riyazi savadlılıq, həm də təbiət fənləri üzrə müsbət dinamika müşahidə olunsa da, bəzi regionlarda və qruplarda ciddi çatışmazlıqlar, zəif nəticələr var. Bu, yeni tədris ilində keyfiyyət planımızın əsas prioritet istiqamətlərindən biri olacaq.
Qeyd olunan regionlarda fəaliyyətlərimizin intensivliyini, dəstək və müdaxilə tədbirlərimizi artıracağıq”.
E.Bağırov yeni tədris ili ərəfəsində təhsil sistemində görülən işlərdən də danışıb. O bildirib ki, yay dövründə məktəbəqədər və ümumi təhsil müəssisələrində 1000-dək məktəbdə təmir işləri aparılıb:
“Ümumilikdə ümumi məktəblərin şəbəkəsinə baxanda, bu il ərzində, xüsusilə yay dövründə həm məktəbəqədər, həm də ümumi təhsil müəssisələri üzrə 1000-dək yerdə təmir işləri aparmışıq. Bu, həm əsaslı, həm də cari təmir işlərini əhatə edir.
Həmin məktəblərdə 500 mindən çox şagird təhsil alır. Qeyd etdiyiniz məsələ ayrıca araşdırma mövzusudur. Bununla bağlı çox aydın və dəqiq faktlar təqdim olunarsa, biz bunu araşdırmağa hazırıq.
Ehtiyac olarsa, məsul şəxslər barəsində də müvafiq tədbirlər görüləcək. Həm Bakı Şəhəri üzrə Təhsil İdarəsi, həm də digər yerli idarəetmə orqanları tərəfindən məsələ araşdırıla bilər”.
MÜTDA sədri yeni tədris ili ilə bağlı əsas hədəflər sırasında şagirdlərin akademik nəticələrinin yaxşılaşdırılması ilə yanaşı, onların fiziki inkişaf göstəricilərinin yüksəldilməsini də qeyd edib.
O bildirib ki, IV və VI siniflər üzrə milli monitorinqlər, həmçinin IX-XI siniflər üzrə buraxılış imtahanlarında aşağı nəticə göstərən şagirdlərin faizinin azaldılması, yüksək nəticə göstərənlərin isə faizinin artırılması hədəflənir.
Bununla yanaşı, məktəbəqədər təhsilin əhatəliliyinin artırılması, infrastruktur və keyfiyyət məsələləri də yeni tədris ilinin prioritetləri sırasında olacaq.
E.Bağırov valideyn-dövlət tərəfdaşlığı çərçivəsində həyata keçirilən yeni layihəyə də toxunub. Onun sözlərinə görə, 100-dən çox özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqəyə qoşulub və ilk mərhələdə 10 minə yaxın yer təqdim edilib. Layihə çərçivəsində özəl bağçalarda uşaqların təhsil xərclərinin yarısının dövlət büdcəsi hesabına qarşılanması nəzərdə tutulur.
Agentlik rəhbəri yeni tədris ili münasibətilə təhsil işçilərini və təhsil ictimaiyyətini də təbrik edib.

