Valideynlərinin işləməsinə baxmayaraq, ailəsinin real gəliri təhsil haqqını ödəməyə kifayət etməyən tələbələrə də sosial təhsil krediti verilməsi təklif olunur. Bunun üçün kreditlərin təqdim edilməsi zamanı tətbiq olunan sosial meyarlara yenidən baxılması gündəmə gətirilib.
“Tehsil365” xəbər verir ki, təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova komitənin iclasında çıxış edib.
Deputat bildirib ki, valideynin işləməsi ailənin maddi imkanlarının yüksək olması anlamına gəlmir. Kirayə, kommunal xidmətlər, ərzaq, müalicə və digər gündəlik xərclər, eləcə də bir ailədə bir neçə övladın təhsil alması büdcəyə ciddi yük yaradır.
Elnarə Akimovanın sözlərinə görə, sosial təhsil krediti verilərkən yalnız valideynlərin işləyib-işləməməsinə deyil, ailənin real maddi vəziyyətinə də baxılmalıdır:
“Mən bütün işləyən valideynlərin övladlarının avtomatik olaraq sosial təhsil krediti almasını nəzərdə tutmuram. Təklifim daha ünvanlı və ədalətli mexanizmin yaradılmasıdır”.
Deputat təklif edib ki, sosial meyarlar müəyyənləşdirilərkən müəyyən göstəricilər nəzərə alınsın. Məsələn ailənin adambaşına düşən gəliri, ailə üzvlərinin sayı, himayədə olan uşaqların sayı, eyni ailədən təhsil alan tələbələrin sayı, ailənin digər sosial öhdəlikləri.
Elnarə Akimova valideynləri işləyən, lakin ailəsinin real gəliri müəyyən edilmiş həddən aşağı olan tələbələr üçün də güzəştli kredit imkanının yaradılmasını məqsədəuyğun sayıb.
“‘İşləyən valideyn – imkanı olan ailə’ yanaşmasından ‘ailənin real gəliri – sosial yükü – tələbənin təhsil ehtiyacı’ yanaşmasına keçid daha ədalətli nəticə verə bilər”, – deputat vurğulayıb.
O, Elm və təhsil komitəsinin aidiyyəti qurumlarla birlikdə mövcud sosial meyarların təkmilləşdirilməsi imkanlarını araşdırmasını təklif edib.

