Sentyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2026/2027-ci tədris ilində universitetə qəbul olan I kurs tələbələri üçün Oriyentasiya Günü təşkil olunub.
“Tehsil365” xəbər verir ki, UNEC-in bütün tədris binalarında keçirilən tədbirlər çərçivəsində prorektorlar birinci kurs tələbələrini tələbə adını qazanmaları münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıblar. Tələbələrə universitetin yaratdığı geniş təhsil imkanlarından maksimum yararlanmağı tövsiyə edən prorektorlar onları əzmli, təşəbbüskar və universitetin ictimai-sosial həyatında fəal olmağa çağırıblar.
Oriyentasiya Günü çərçivəsində tələbələr Beynəlxalq əməkdaşlıq departamenti, Karyera Mərkəzi, kitabxana və tələbə təşkilatlarının məlumat guşələrini ziyarət edərək onların fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.
UNEC könüllüləri isə yeni tələbələrə bələdçilik edərək onları dekanlıqlar, kitabxana, auditoriyalar, idman zalı və digər inzibati otaqlarla tanış ediblər.
Tədbir zamanı UNEC tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub, müxtəlif əyləncəli idman yarışları və sual-cavab viktorinası keçirilib. Viktorinanın qaliblərinə universitet tərəfindən hədiyyələr təqdim olunub.
Gün ərzində Yaradıcılıq Mərkəzinin üzvlərinin təqdim etdiyi müxtəlif musiqi nömrələri isə tədbirə xüsusi rəng qatıb və UNEC ailəsinə yeni qoşulan tələbələr üçün xoş əhval-ruhiyyə yaradıb.
Qeyd edək ki, 2026/2027-ci tədris ilində UNEC-ə magistratura səviyyəsi üzrə 2554, bakalavriat səviyyəsi üzrə isə 3689 tələbə qəbul olub.

