17–18 sentyabr 2026-cı il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri regionun ən mötəbər innovasiya və startap tədbirlərindən biri hesab olunan "Baku ID" (Baku Investment Day) innovasiya festivalında iştirak hüququ qazanıblar.
“Tehsil365” xəbər verir ki, 5 illik yubileyini qeyd edən və "SABAH.HUB" İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq festival Azərbaycanın innovasiya ekosisteminin yeni mərkəzi olan "SABAH.city" innovasiya şəhərciyində keçiriləcək.
Tədbirdə ADNSU-nu fəal və perspektivli tələbələrimiz 2 fərqli startap layihəsi ilə təmsil edəcək.
Belə ki, "VestoAI" startap layihəsini ADNSU-nun Biznes və İdarəetmə fakültəsi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisası, IV kurs tələbəsi İbrahim Səfərov və İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi, İnformasiya texnologiyaları ixtisasının III kurs tələbəsi Sənan Əsgərov təqdim edəcəklər.
"VestoAI" startap layihəsi istifadəçilərə qarderoblarını rəqəmsal formada saxlamağa və süni intellektin köməyi ilə hazır geyim kombinasiyaları qurmağa imkan verən şəxsi stilistdir. Bu həll vasitəsilə geyimlərinizi qiymətləndirə və bəyəndiyiniz nəticələri dostlarınızla bir kliklə paylaşa bilərsiniz.
ADNSU tələbələrinin təqdim etdiyi ikinci layihə "Teseract" startap layihəsidir. Bu layihə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin "Cyberpark" layihəsi ilə sıx bağlıdır – məhz bu layihə çərçivəsində onlar milli kibertəhlükəsizlik məhsulu hazırlayıblar və "Cyberpark"ın dəstəyi ilə "Baku ID" festivalında iştirak edərək öz məhsullarını geniş auditoriyaya təqdim etmək şansı əldə edəcəklər.
Layihəni ADNSU-nun İnformasiya Təhlükəsizliyi ixtisasının tələbəsi Hüseyn Qəmbərli təqdim edəcək.
Gənc startapçılar festival çərçivəsində öz innovativ ideyalarını yerli və beynəlxalq investorlara, eləcə də ekosistemin aparıcı simalarına təqdim etmək imkanı əldə edəcəklər.

