UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində I kurs tələbələri ilə görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, Görüşdə fakültə dekanı, dosent Elman Cəfərov, dekan müavini Ramal Cabbarov, "Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının ixtisas rəhbəri, dosent Təranə Əliyeva və və fakültə tələbə təşkilatlarının sədrləri iştirak ediblər.
Görüşdə dekan dosent Elman Cəfərov birinci kursları tələbə adını qazanmaları münasibətilə təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb. E.Cəfərov tələbələrə təhsil aldıqları fakültə barədə məlumat verib. Fakültəyə 5 ixtisas üzrə 405 tələbənin qəbul olunduğunu, onlardan 155 nəfərin 600-dən yüksək bal topladığını, 76 nəfərin isə əcnəbi tələbə olduğunu bildirib.
Fakültəyə keçid balının ildən-ilə yüksəldiyini diqqətə çatdıran dekan, ötən il olduğu kimi, bu il də UNEC üzrə ən yüksək bal toplayan 2 tələbədən birinin Rəqəmsal İqtisadiyyat fakültəsinə qəbul olduğunu deyib. Bildirib ki, fakültə üzrə ən yüksək bal (667) toplayan İsmət Məmmədov “İnformasiya təhlükəsizliyi” (ingilis dilində) ixtisasını seçib.
Görüşdə tələbələrə tədris prosesi, imtahanların təşkili qaydaları, təqaüdlər, beynəlxalq mübadilə, UDİD və Minor proqramları, startap layihələri, tələbə təşkilatları barədə ətraflı məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.

