Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad fakültəsində 2026/2027-ci tədris ilində universitetə qəbul olunan I kurs tələbələri ilə görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, görüşdə fakültənin dekanı, dosent Yusif Əliyev yeni tələbələri təbrik edərək, onlara ali təhsil həyatında uğurlar arzulayıb. Dekan bildirib ki, yeni tədris ilində Türk Dünyası İqtisad fakültəsinə 8 ixtisas üzrə 288 tələbə qəbul olunub. Qəbul olunanlar arasında 4 əcnəbi vətəndaş da var. Fakültə üzrə ən yüksək nəticəni isə “Biznesin idarə edilməsi” ixtisasına qəbul olunan Fatimə Kazımova 559 balla göstərib.
Görüş zamanı tələbələrə universitetdə tədrisin təşkili, qiymətləndirmə qaydaları, hüquq və vəzifələri barədə ətraflı məlumat verilib. Eyni zamanda, UNEC-in elektron universitet modeli, beynəlxalq mübadilə proqramları, ikili diplom layihələri, UDİD, Minor proqramı və xüsusi təqaüd imkanları təqdim olunub.
Tədbirdə fakültənin dekan müavini Cavahirxanım Məmmədova, kafedra müdiri Dr. Nurkhodzha Akbulaev, ixtisas rəhbəri Maqsud Mirzəyev, fakültə katibi Rəna Qurbanova, Katibliyin əməkdaşları Leyla Şahməliyeva və Günel Zakiri, həmçinin I kurs tələbələrinə təyin olunmuş mentorlar iştirak ediblər.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

