25 sentyabr 2026-cı il tarixində Bakı Avrasiya Kolleci və Bakı Avrasiya Kolleci Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “27 Sentyabr – Anım Gününə həsr olunmuş “27 Sentyabr: Zəfərə gedən yol” adlı tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, Bakı Avrasiya Kollecinin məzunu olan Vətən müharibəsi veteranı, Bakı Avrasiya Kollecinin akademik və inzibati heyətinin nümayəndələri, müəllimlər və tələbə gənclər iştirak ediblər.
Tədbirin əsas məqsədi 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyətinin tələbə gənclərə çatdırılması, Vətən müharibəsində canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi və onların göstərdiyi qəhrəmanlığın gənc nəslə nümunə kimi təqdim olunması olub.
Tədbiri giriş sözü ilə Bakı Avrasiya Kollecinin tədris işləri üzrə direktor müavini Paşa Məmmədov açıb. O, çıxışında 27 Sentyabr – Anım Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən bəhs edib, həmin günün xalqımızın yaddaşındakı xüsusi yerinə toxunub və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin daim uca tutulmasının vacibliyini vurğulayıb.
Daha sonra söz Bakı Avrasiya Kolleci Tələbə Gənclər Təşkilatının sədri Ərəbli Surxaya verilib. Surxay Ərəbli 27 Sentyabr – Anım Gününə həsr etdiyi “Tarixə gedən 44 gün” adlı məqaləni tədbir iştirakçılarına səsləndirib. Məqalədə Anım Gününün tarixi və mənəvi əhəmiyyəti, Vətən müharibəsinin Azərbaycan xalqının həyatındakı rolu, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və onların xatirəsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti ilə bağlı fikirlər səsləndirilib.
Tədbirin davamında Bakı Avrasiya Kollecinin tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Günay Hüseynə çıxış edib. Ən geniş məruzə ilə çıxış edən Günay Hüseynə 27 Sentyabr – Anım Gününün tarixi mahiyyəti, Vətən müharibəsinə aparan proseslər, Azərbaycan xalqının nümayiş etdirdiyi milli birlik və həmrəylik, eləcə də 44 günlük Vətən müharibəsinin tariximizdəki əhəmiyyəti barədə ətraflı məlumat verib. Çıxış zamanı tarixi faktlar və mühüm məqamlar tələbələrin diqqətinə çatdırılıb.
Daha sonra söz Vətən müharibəsində şəhid olmuş Əliyev Elmirin həyat yoldaşı Əliyeva Zümrüd xanıma verilib. Zümrüd xanım şəhidimizin həyat yolu, Vətənə bağlılığı və keçdiyi şərəfli yol barədə tədbir iştirakçıları ilə fikirlərini bölüşüb. Şəhid ailəsi üzvünün çıxışı tədbir iştirakçıları tərəfindən böyük diqqət və ehtiramla qarşılanıb.
Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri və Bakı Avrasiya Kollecinin məzunu olan Vətən müharibəsi veteranı tədbirin mənəvi əhəmiyyətini daha da artırıb. Onların iştirakı şəhidlərimizin keçdiyi şərəfli yolun gənc nəslə çatdırılması baxımından xüsusi önəm daşıyıb.
Tədbir çərçivəsində şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, onların Vətən uğrunda göstərdikləri fədakarlığın xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanıb.
“27 Sentyabr: Zəfərə gedən yol” adlı tədbir 27 Sentyabr – Anım Gününün tarixi və mənəvi əhəmiyyətinin bir daha diqqətə çatdırılması, şəhidlərimizin xatirəsinin yad edilməsi və tələbə gənclərdə milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi məqsədinə xidmət edib.

