“Tehsil365” AZƏRTAC-a istinaden xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabının Azərbaycan numizmatikası sahəsində mühüm tədqiqat əsəri olduğunu bildirib.
“Gəncə xanlığının sikkə zərbinə və pul dövriyyəsinə həsr olunan bu kitab numizmatika sahəsindəki boşluğu dolduran bir nəşrdir. Numizmatika sahəsində Əli Rəcəblinin məşhur kitabları var. İndi bu sahədə çalışan mütəxəssislərin sayı çox azdır. Biz bunu qorumalı, inkişaf etdirməliyik. Bu, aktual məsələdir. Lakin tədqiqatçıların sayı azdır. Bu günün ən böyük çağırışı yeni nəsil numizmatlar yetişdirməkdən ibarətdir.
Numizmatika ilk növbədə pul tədavülü və iqtisadiyyatdır. Amma numizmatika həm də dövlətçilikdir. Harada pul kəsilibsə, orada dövlət var. Həmin pulun qızıldan, gümüşdən, misdən hazırlanması dövlətin gücünü, iqtisadi imkanlarını göstərir. Ona baxaraq dövləti tanıyırsan.
Bu, böyük tarixdir, böyük iqtisadiyyatdır, böyük dövlətçilikdir, böyük ideologiyadır. Buna yalnız mis və ya gümüşdən hazırlanmış maddi əşya kimi baxmaq doğru deyil. Kitabda bunların hamısı açılır, göstərilir. Kitab arxiv sənədləri və mənbələr əsasında yazılıb. Burada böyük zəhmət var”, - deyə akademik İsa Həbibbəyli bildirib.

