Qarabağ Universiteti regionun inkişafının hərəkətverici qüvvəsidir.
“Tehsil365” xəbər verir ki, bunu Qarabağ Universitetinin strategiya, rəqəmsal transformasiya və inkişaf istiqamətinin rəhbəri, CAMCA şəbəkəsinin Azərbaycan üzrə üzvü Anar Cahangirli Bakıda keçirilən "CAMCA 2026" Regional Forumu çərçivəsindəki panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Qarabağ Universiteti regiona həyatın qaytarılması və yeni icmaların formalaşması prosesində mühüm rol oynayır.
A.Cahangirli qeyd edib ki, 2024-cü ilin sentyabrında Qarabağ Universitetinə ilk tələbələr qəbul olub, 2026-cı ildə isə universitet artıq üçüncü tələbə qəbulunu həyata keçirib.
"Hazırda Xankəndidə, Qarabağda 3 300-ə yaxın tələbə təhsil alır", - o bildirib.
A.Cahangirli vurğulayıb ki, Qarabağın timsalında dayanıqlılıq sadəcə regionun bərpası deyil, irəliyə doğru hərəkəti nəzərdə tutmalıdır: "Qayıtdığımız region artıq 30 il əvvəlki region deyil. Əvvəllər mövcud olan bir çox şey artıq yoxdur. Buna görə də burada dayanıqlılıq sadəcə geriyə qayıtmaq deyil, irəliyə doğru hərəkət etmək demək olmalıdır".
Onun sözlərinə görə, insanların qayıtmasına, iqtisadiyyatın möhkəmlənməsinə və regionda innovasiyaların inkişafına təkan verəcək dayanıqlı və güclü cəmiyyətlər yaratmaq lazımdır:
"Bu il biz həmçinin Qarabağ Universitetinə bir neçə xarici tələbə də qəbul etmişik. Başqa ölkələrdən tələbələr qəbul etməyə başlamağımız bizim üçün mühüm bir mərhələdir".

