Bülbülün Memorial Muzeyində görkəmli Azərbaycan müğənnisinin vəfatının 65-ci ildönümünə həsr olunmuş poeziya və musiqi tədbiri keçirilib.
“Tehsil365” "Report"a istinadən xəbər verir ki, "Sözdən nəğməyə: Bülbül" adlı tədbir sentyabrın 30-da baş tutub.
Tədbirin açılışını Bülbülün Memorial Muzeyinin direktoru Fərqanə Cabbarova edib. "Modern Poems" layihəsinin rəhbəri Lalə Həsənova poeziya və musiqi vasitəsilə Bülbülün xatirəsinin qorunmasına, eləcə də gənc nəslin onun yaradıcılıq irsi ilə tanış edilməsinə yönəlmiş tədbirin məqsədi barədə danışıb.
Proqram çərçivəsində "Gənc Şairlər" və "Modern Poems" layihələrinin iştirakçıları Bülbülün həyat və yaradıcılığına həsr olunmuş şeirlər təqdim ediblər. Musiqi əsərlərini respublika və beynəlxalq müsabiqələr laureatı İradə Hasilova və pianoçu Ofeliya Dadaşova ifa ediblər.
Tədbirin sonunda Fərqanə Cabbarova iştirakçılara fəxri fərmanlar təqdim edib. Qonaqlar üçün muzeyə ekskursiya da təşkil olunub.
Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov) - Azərbaycan peşəkar vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor və ictimai xadimdir. O, 1961-ci il sentyabrın 26-da vəfat edib.

