Azərbaycan Rəssamlar İttifaqının Müasir İncəsənət Mərkəzində “Sərhədsiz incəsənət” adlı sərgi açılıb.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar Klubunun birgə təşkil etdiyi sərgi “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun tədbiri olub.
Simpozium çərçivəsində bir həftə ərzində Şabranda dünyanın müxtəlif ölkələrindən gələn rəssamlar öz ideya və təəssüratlarını rəsm əsərlərində əks etdirib, yaradıcılıq və təcrübə mübadiləsi aparıblar. Simpoziumun nəticələri yekun sərgidə ictimaiyyətə təqdim olunub.
Sərgidə Azərbaycan, Gürcüstan, Latviya, Litva, İran, Türkiyə, Özbəkistan və Estoniyadan olan rəssamların əsərləri nümayiş etdirilib.
Yekun sərgini Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov açıb. O, belə yaradıcı görüşlərin ölkələr arasında mədəni əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Sərgidə iştirak edən xarici rəssamlara Azərbaycan Rəssamlar İttifaqının diplomları və hədiyyələri təqdim olunub. Rəssamlar yaradılan şəraitə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.
“Sərhədsiz incəsənət” sərgisi müxtəlif ölkələrin rəssamlarını bir araya gətirməklə yaradıcılıq əlaqələrinin və mədəni əməkdaşlığın inkişafına xidmət edib.

