Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb.
“Tehsil365” “Qafqazinfo” a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib.
Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdən biri ehtiyatsızlıq edib və həmin məhlulu əli ilə təmizləmək istəyib. O, məhlulu təmizləyərkən məhlulun iyindən gözləri göynəyib və əli ilə səhvən gözünü silib.
Nəticədə şagirdin gözünə məhlul düşüb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra uşaq valideynləri tərəfindən Bakıya gətirilib.
Məlumata görə, azyaşlı Masallı rayonunda babasının himayəsində qalırmış. Hadisədən sonra onun Bakıda işləyən valideynləri rayona gələrək uşağı Bakıya gətiriblər. Şagird Bakıda tibbi müayinədən keçiriləndən sonra evə buraxılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hazırda qeyd edilən faktla bağlı araşdırma aparılır.

