2 oktyabr 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbədənkənar iclası keçirilib.
Bu barədə “Tehsil365” xəbər verir ki, MDU-nun rektoru Anar Eminovun sədrliyi ilə keçirilən iclasda universitetin təhsil imkanlarının genişləndirilməsi, doktorantura səviyyəsində kadr hazırlığının inkişaf etdirilməsi, professor-müəllim heyətinin fəaliyyətinin təşviqi və universitetdə daxili nizam-intizam qaydalarına riayət olunması ilə bağlı məsələlər müzakirə edildi.
İclasın gündəliyinə uyğun olaraq, ilk növbədə ali təhsilin bakalavriat səviyyəsində Mingəçevir Dövlət Universiteti üçün yeni olan ixtisaslar üzrə tədrisə başlanılması məsələsinə baxıldı. Kommunikasiya sistemləri mühəndisliyi, Proqram təminatı mühəndisliyi, Data analitika, Mexatronika və robotexnika mühəndisliyi, Xüsusi pedaqogika, Psixologiya, Beynəlxalq münasibətlər və Filologiya (İngilis dili və ədəbiyyatı üzrə) ixtisasları üzrə ilk dəfə tədrisə başlanılması müzakirə olundu.
Müzakirələr zamanı yeni ixtisasların universitetdə təhsil imkanlarının genişləndirilməsi, müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsi və müxtəlif istiqamətlər üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması baxımından əhəmiyyəti qeyd edildi.
Gündəliyin növbəti məsələsi doktorantura təhsil səviyyəsi üzrə məqsədli yerlərin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət edilməsi oldu. Məsələ ətrafında fikir mübadiləsi aparıldı, universitetdə yüksəkixtisaslı elmi kadrların hazırlanması və elmi-tədqiqat potensialının inkişaf etdirilməsi baxımından doktorantura təhsilinin əhəmiyyəti diqqətə çatdırıldı.
İclasda, həmçinin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə professor-müəllim heyətinin mükafatlandırılması məsələsinə baxıldı. Tədris prosesində, elmi və ictimai fəaliyyətdə fərqlənən əməkdaşların əməyinin qiymətləndirilməsi və onların fəaliyyətinin təşviq edilməsinin əhəmiyyəti vurğulandı.
İclas çərçivəsində MDU-nun UI GreenMetric Dünya Universitetləri Reytinqində əldə etdiyi nəticə də diqqətə çatdırıldı. Universitetin dayanıqlı inkişaf, ekoloji məsuliyyət və yaşıl kampus istiqamətində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə qiymətləndirilməsinin əhəmiyyəti vurğulandı. MDU-nun rektoru Anar Eminov əldə olunan nəticənin universitet kollektivinin birgə fəaliyyətinin göstəricisi olduğunu qeyd edərək, bu uğura töhfə verən əməkdaşları təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Elmi Şuranın gündəliyində yer alan digər məsələ universitetin daxili nizam-intizam qaydalarına riayət edilməsi ilə bağlı oldu. Universitetdə sağlam və səmərəli akademik mühitin qorunması, əmək və tədris intizamına əməl edilməsi, əməkdaşların üzərinə düşən vəzifə və öhdəliklərə məsuliyyətlə yanaşması ilə bağlı məsələlər müzakirə edildi.
İclas zamanı gündəlikdə yer alan məsələlər ətrafında Elmi Şura üzvlərinin fikir və təklifləri dinlənildi, müzakirələrin nəticələrinə uyğun olaraq müvafiq qərarlar qəbul edildi.

