Azərbaycan Memarlıq və İnşaat Universitetində binaların və qurğuların seysmik dayanıqlığının ölçülməsi laboratoriyasının açılışı keçirilib.
“Tehsil365” “AzEdu.az”a istinadən xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova laboratoriyanın həm tədris, həm də elmi-tədqiqat baxımından əhəmiyyətli olduğunu bildirib.
Rektor qeyd edib ki, laboratoriya müasir avadanlıqlarla təchiz olunub və müxtəlif obyektlərin zəlzələyə davamlılığının qiymətləndirilməsinə imkan verəcək:
“Qurğuların, obyektlərin zəlzələyə davamlılıq səviyyəsini ölçmək üçün çox əhəmiyyətli bir laboratoriyadır. Laboratoriyanın həm tədris üçün böyük əhəmiyyəti var. Çünki tələbələrimiz burada praktiki biliklər əldə edəcəklər.
Digər tərəfdən, elmi tədqiqatlar üçün də böyük əhəmiyyəti var. Çünki laboratoriya müasir avadanlıqlarla təchiz edilib və praktiki əhəmiyyəti böyükdür.
Faktiki olaraq, şəhərimizdə olan bütün hündür binaların, böyük qurğuların, o cümlədən dənizdə olan qurğuların nə dərəcədə zəlzələyə davamlı olduğu, konstruksiyaların aşınıb-aşınmadığı, onların bugünkü vəziyyətinin necə olduğu ilə bağlı suallara cavab verməyə imkan verir.
Xüsusən də binaların zəlzələyə davamlılıq nöqteyi-nəzərindən diaqnostikası üçün bu laboratoriyanın əhəmiyyəti böyükdür.
Ona görə də düşünürəm ki, çox əhəmiyyətli bir işdir. Bu laboratoriyanı BP şirkətinin dəstəyi ilə həyata keçirmişik.
Amma qeyd etmək istəyirəm ki, bu, BP-nin universitetimizdə açdığı ilk laboratoriya deyil. Onların dəstəyi ilə 6-7 laboratoriya yaradılıb.
Ümumiyyətlə, BP-nin təhsilə və elmə töhfələri, dəstəyi çox böyükdür. Biz çox minnətdarıq ki, onlar universitetimizə diqqət yetirirlər”.

