Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə tanınmış jurnalist, səyyah, Azərbaycan Turizm Blogerləri Assosiasiyasının (ATBA) İdarə Heyətinin sədri Azər Qərib ilə görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov BDU-da bu istiqamətdə keçirilən görüşlərin tələbələrin müxtəlif ölkələrin mədəniyyəti və turizm potensialı ilə bağlı biliklərinin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu deyib.
Azər Qərib tələbələrə müasir turizmin inkişaf dinamikası, səyahət mədəniyyətinin formalaşması barədə məlumat verib, özünün səyyah və jurnalist kimi çoxillik təcrübəsini bölüşüb.
Yeni turizm istiqamətlərinin və marşrutlarının tanıdılmasında rəqəmsal media, sosial şəbəkələr və səyahət məzmununun rolunu vurğulayıb.
O, gənclərin səyahət və turizm sahəsində fəal iştirakının, ölkənin turizm imkanlarının təbliğində onların təşəbbüskarlığının əhəmiyyətindən danışıb.
Görüşün sonunda qonaq tələbələrin suallarını cavablandırıb.

