Ağdam məktəbində “Rəqəmsallıq və süni intellekt” mövzusunda təlim keçirilib
“Tehsil365” xəbər verir ki, Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və süni intellektdən məsuliyyətli istifadənin təşviqi məqsədilə “Rəqəmsallıq və süni intellekt” mövzusunda təlim keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təlimdə Elm və Təhsil Nazirliyinin əməkdaşı, “Maarifçi” tələbə-məzun proqramı üzrə İşçi Qrupunun katibi Tünzalə Vəliyeva, eləcə də IV “Maarifçi” proqramının iştirakçıları Aygün Qəhrəmanova, Səlim Səlimov və Türkanə Məmmədova çıxış ediblər.
Şagirdlərə rəqəmsal təhlükəsizlik, şəxsi məlumatların qorunması, süni intellektin imkanları və ondan düzgün istifadə qaydaları barədə məlumat verilib. Təlim interaktiv suallar və praktiki nümunələrlə davam edib.

