Tədbirdə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin 5 “A” sinif şagirdləri iştirak ediblər. Açıq qapı günü çərçivəsində şagirdlər əvvəlcə kitabxananın oxu zalı ilə tanış olub, daha sonra kitabxana əməkdaşları ilə görüşüblər.
Bu barədə”Tehsil 365”ə Respublika Gözdən Əlillər Kitabxanasından məlumat verilib bildirilib ki,Tədbir zamanı kitabxana əməkdaşı Ayxan Hüseynov 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyəti barədə şagirdlərə ətraflı məlumat verib. Bildirilib ki, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycan tarixinin mühüm səhifələrindən birini təşkil edir. Görüş zamanı Vətən müharibəsinə aparan proseslər, 2016-cı ilin Aprel döyüşləri, 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük müharibə, Azərbaycan Ordusunun keçdiyi döyüş yolu və 8 noyabr – Zəfər Günü haqqında məlumat verilib. Şuşa şəhərinin azad edilməsinin Vətən müharibəsindəki tarixi əhəmiyyətindən də bəhs olunub.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur. Sərəncam Vətən müharibəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinə ehtiramın ifadəsi kimi təsis edilib.
Tədbirin davamında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra şagirdlərə Respublika Gözdən Əlillər Kitabxanasının yaranma tarixi, fəaliyyəti, inkişaf yolu və oxuculara göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verilib. Kitabxananın fəaliyyətində görmə məhdudiyyətli şəxslər üçün mütaliə imkanlarının yaradılması və informasiya resurslarına əlçatanlığın təmin edilməsinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Görüşün növbəti hissəsində şagirdlər kitabxananın fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə ekskursiyaya çıxıblar. Onlar kitabxananın kitab fondu ilə tanış olaraq müxtəlif formatlarda hazırlanmış nəşrlər, o cümlədən səsli kitablar və Brayl əlifbası ilə nəşr edilmiş kitablar haqqında məlumat əldə ediblər.
Ekskursiya zamanı şagirdlərin diqqətinə kitabxananın xüsusi imkanları və görmə məhdudiyyətli oxucuların mütaliə ehtiyaclarının qarşılanması istiqamətində həyata keçirilən işlər çatdırılıb.
Daha sonra şagirdlər kitabxananın səsyazma studiyası ilə tanış olublar. Səsyazma studiyasının əməkdaşı Zəkəriyyə Qurbanov studiyanın fəaliyyəti, burada kitabların səsli formatda hazırlanması və oxucular üçün əlçatan audio resursların yaradılması prosesi barədə şagirdlərə ətraflı məlumat verib.
Şagirdlərə səsyazma studiyasında hazırlanmış səsli kitab nümunələri təqdim olunub və onlar fərdi şəkildə qulaqcıqlar vasitəsilə səsləndirilmiş kitabı dinləyiblər. Bu təqdimat şagirdlərə kitabxananın müasir texniki imkanları və səsli nəşrlərin hazırlanması prosesi ilə yaxından tanış olmaq imkanı yaradıb.
Açıq qapı günü qarşılıqlı fikir mübadiləsi və xoş təəssüratlarla yekunlaşıb. Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilib.
Respublika Gözdən Əlillər Kitabxanasında keçirilən belə görüşlər şagirdlərin kitabxananın fəaliyyəti ilə yaxından tanış olmasına, mütaliəyə marağın artırılmasına, eyni zamanda, milli-mənəvi dəyərlər və şəhidlərin əziz xatirəsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir

