4 Oktyabr - Cəbrayıl şəhər günü
4 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan Vətən müharibəsinin mühüm günlərindən biridir. 2020-ci il 4 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Cəbrayıl şəhəri işğaldan azad edilmişdir.
Cəbrayıl şəhərinin azad olunması Vətən müharibəsinin ilk günlərində əldə edilən mühüm qələbələrdən biri olmaqla, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi əhəmiyyət daşıyır. Bu qələbə Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını, hərbi qulluqçularımızın peşəkarlığını, qətiyyətini və Vətən qarşısında üzərlərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirdiyini nümayiş etdirmişdir.
Cəbrayılın azadlığı uzun illər doğma yurdlarından ayrı düşmüş insanların torpaqlarına qayıdışına gedən yolun mühüm başlanğıclarından biri olmuşdur. Bu tarixi hadisə həm də işğal altında olan digər ərazilərin azad edilməsi ilə nəticələnən Zəfər yürüşünün mühüm mərhələlərindən biri kimi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.
Cəbrayılın azad edilməsi yalnız hərbi qələbə deyil, həm də doğma torpaqlara bağlılığın, milli iradənin, birlik və həmrəyliyin təntənəsi kimi böyük mənəvi əhəmiyyət daşıyır. Bu gün Cəbrayıl şəhəri və rayonu Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinin mühüm ünvanlarından biridir. Doğma torpaqların yenidən dirçəldilməsi, infrastrukturun bərpası və insanların öz yurdlarına qayıdışının təmin olunması Zəfərin davamı olan mühüm proseslərdir.
Bu əlamətdar gündə Cəbrayılın azadlığı uğrunda döyüşərək canlarını fəda etmiş qəhrəman şəhidlərimizin, eləcə də Vətən müharibəsində həyatını itirən bütün şəhidlərimizin əziz və müqəddəs xatirəsini dərin ehtiramla yad edirik.
Onların göstərdiyi qəhrəmanlıq Azərbaycan xalqının yaddaşında daim yaşayacaq, Vətən sevgisinin və fədakarlığın ən ali nümunələrindən biri kimi gələcək nəsillərə örnək olacaqdır.
4 Oktyabr – Cəbrayılın azadlığı ilə tariximizə yazılan Zəfər günlərindən biridir.
Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı diləyirik.
Azərbaycan Respublikasının gənc İctimai-siyasi fəalı Surxay Ərəbli

