Təhsil 365 - Logo Mobile

ADNSU tələbəsindən DİM-ə təklif

12004.10.2026 - 13:50
ADNSU tələbəsindən DİM-ə təklif

Buraxılış imtahanına “Azərbaycanşünaslıq” fənninin əlavə olunması ilə bağlı təklif

Təklifi hazırladı:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin IV kurs tələbəsi Vüsal Babarabov


Buraxılış imtahanı şagirdin tam orta təhsil mərhələsinin yekun qiymətləndirilməsində mühüm rol oynayan və mahiyyət etibarilə ümumi attestasiya xarakteri daşıyan imtahandır. Bu baxımdan həmin imtahan yalnız Azərbaycan dili, riyaziyyat və xarici dil üzrə bilik və bacarıqları deyil, tam orta təhsil müddətində hər bir şagirddə formalaşması zəruri hesab edilən fundamental milli-tarixi və mədəni bilikləri də müəyyən dərəcədə əks etdirməlidir. Əvəzinə isə texniki istiqamətdə təhsillərini ali səviyyədə davam etdirən tələbələr universitetdə yenidən ağır proqram ehtiva edən tarix fənnini keçməməli, daha çox öz ixtisaslarına fokuslanmalıdırlar.

Bu məqsədlə buraxılış imtahanına ayrıca “Azərbaycanşünaslıq” fənninin daxil edilməsi təklif olunur.

Təklifin əsas məqsədi şagirdlərdən tarixçi, ədəbiyyatşünas və ya mədəniyyətşünas səviyyəsində ixtisaslaşmış bilik tələb etmək deyil. Əsas məqsəd hər bir Azərbaycan vətəndaşının bilməli olduğu fundamental tarixi, dövlətçilik, ədəbi və mədəni biliklərin tam orta təhsil pilləsinin sonunda, uyğun periodda sistemli şəkildə qiymətləndirilməsini təmin etməkdir.

Azərbaycanlı şagird məktəb illərində öz ölkəsinin tarixini, dövlətçilik ənənələrini, milli ədəbiyyatını və mədəniyyətini müəyyən mənada öyrənir. Lakin həmin biliklərin buraxılış imtahanında ayrıca və sistemli şəkildə qiymətləndirilmir. Halbuki buraxılış imtahanı bütün şagirdlər üçün ümumi xarakter daşıyan əsas qiymətləndirmə mərhələlərindən biridir.

Bu baxımdan Azərbaycan tarixinin və milli-mədəni irsin yalnız tədris olunması deyil, eyni zamanda müəyyən edilmiş baza səviyyəsində qiymətləndirilməsi də məqsədəuyğun hesab edilə bilər.

“Azərbaycanşünaslıq” hansı məzmunu əhatə edə bilər?

Təklif olunan “Azərbaycanşünaslıq” fənninin iki əsas alt fənndən təşkil olunması nəzərdə tutulur:

1. Azərbaycan tarixi və dövlətçilik

2. Azərbaycan ədəbiyyatı və mədəniyyəti

Bu bölgü “Azərbaycanşünaslıq” anlayışının yalnız tarixlə məhdudlaşmamasını təmin edir. Məqsəd şagirdin həm öz ölkəsinin tarixi və dövlətçilik ənənələri, həm də milli ədəbiyyatı və mədəni irsi haqqında fundamental biliklərə malik olmasını qiymətləndirməkdir.

1-ci alt fənn: Azərbaycan tarixi və dövlətçilik

Bu alt fənnin daha böyük hissəni təşkil etməsi təklif olunur. Burada Azərbaycanın qədim dövrlərdən müasir dövrə qədər tarixinin əsas mərhələləri, dövlətçilik ənənələri, mühüm tarixi hadisələr və müasir Azərbaycan tarixinin əsas məqamları əhatə oluna bilər.

Bununla yanaşı, Azərbaycan tarixi və dövlətçilik istiqamətində coğrafiya və siyasi düşünmə ilə bağlı müəyyən biliklərin alt və əlavə mövzular kimi qiymətləndirilməsi də mümkündür.

Burada söhbət ayrıca coğrafiya və ya politologiya fənninin yaradılmasından getmir. Məsələn, tarixi hadisənin baş verdiyi coğrafi məkan, tarixi ərazilərin xəritə üzərində müəyyənləşdirilməsi, dövlətlərin və siyasi proseslərin əlaqələndirilməsi kimi suallar vasitəsilə şagirdin coğrafi və siyasi konteksti anlama qabiliyyəti qiymətləndirilə bilər.

2-ci alt fənn: Azərbaycan ədəbiyyatı və mədəniyyəti

İkinci alt fənn Azərbaycan ədəbiyyatının və milli mədəniyyətin əsasını təşkil edən fundamental bilikləri əhatə edə bilər.

Burada Azərbaycan ədəbiyyatının klassikləri, mühüm əsərlər, əsas ədəbi proseslər, milli ədəbi irsin mühüm nümunələri ilə yanaşı, Azərbaycan musiqisinin və incəsənətinin tarixi və əsas xüsusiyyətləri də əlavə mövzular kimi yer ala bilər.

Məqsəd şagirdə bütün ədəbiyyat tarixini əzbərlətmək deyil. Ən azı hər bir Azərbaycan vətəndaşının bilməli olduğu müəyyən klassik ədəbi irs və mədəniyyət bazasının formalaşdırılmasıdır.

Məntiqi bacarıqların ayrıca qiymətləndirilməsi məsələsi

Dünya təcrübəsində univetsitetə qəbul prosedurunda şagirdin məntiqi səriştələrinin qiymətləndirilməsinə də rast gələ bilirik. Buraxılış imtahanının məzmunu müzakirə edilərkən məntiq və analitik düşünmə bacarıqlarının ayrıca qiymətləndirilməsi də nəzərə alına bilər. Bununla belə, məntiqin mütləq şəkildə ayrıca fənn kimi daxil edilməsinin zəruriliyi daha ətraflı müzakirə tələb edir.

Bunun əsas səbəblərindən biri abituriyentin məntiqi təfəkkürünün və analitik düşünmə qabiliyyətinin müxtəlif komponentlərinin artıq digər fənlər vasitəsilə müəyyən dərəcədə qiymətləndirilə bilməsidir.

Azərbaycan dili və xarici dil üzrə mətnin qavranılması, məlumatın təhlili və nəticə çıxarılması şagirdlərdə müəyyən məntiqi və analitik bacarıqları üzə çıxara bilir. Riyaziyyat üzrə problem həlli və məntiqi mühakimə də şagirdin analitik düşünmə potensialının müxtəlif aspektlərini qiymətləndirməyə imkan verir. Bundan əlavə, məntiq üzrə suallar magistraturaya qəbul imtahanında da ayrıca qiymətləndirilir.

Buna görə də məntiqin ayrıca fənn kimi daxil edilməsindən daha çox, onun elementlərinin mövcud fənlərdə və sual modellərində müəyyən dərəcədə əks etdirilməsi mümkün yanaşma kimi nəzərdən keçirilə bilər.

Azərbaycan tarixi, dövlətçilik və milli-mədəni irslə bağlı fundamental biliklər isə digər fənlərin məzmunu daxilində tam və adekvat şəkildə qiymətləndirilə bilməz. Bu səbəbdən həmin istiqamətin ayrıca qiymətləndirmə komponenti kimi təqdim olunması təklif edilir.

Dünya təcrübəsi və “əlavə yük” məsələsi

“Azərbaycanşünaslıq” fənninin buraxılış imtahanına əlavə edilməsinə qarşı irəli sürülə biləcək əsas arqumentlərdən biri bunun şagirdlər üçün əlavə yük yaradacağı düşüncəsidir. Lakin bu məsələyə yalnız mövcud imtahan fənlərinin sayının artırılması prizmasından yanaşmaq düzgün olmazdı.

Müxtəlif ölkələrin təhsil və qəbul modellərinə nəzər saldıqda şagirdlərin yalnız bir neçə əsas fənn üzrə deyil, daha geniş bilik sahələri üzrə qiymətləndirilməsinin nümunələrinə rast gəlmək mümkündür.

Bu baxımdan qardaş ölkə Türkiyənin təcrübəsi də müəyyən müqayisə imkanları yaradır. Türkiyədə ali təhsilə qəbul sistemində riyaziyyat və məntiqi düşünmə elementləri ilə yanaşı, sosial elmlər, tarix, coğrafiya kimi istiqamətlərə, hətta təbiət fənnləri - fizika, kimya və s. dair suallara da yer verilir.

Bu müqayisə Azərbaycan üçün eyni modelin olduğu kimi tətbiq edilməsini nəzərdə tutmur. Əksinə, mövcud sistem, şagirdlərin dərs yükü nəzərə alınmaqla daha məhdud və realistik, şagirdlər üçün çox da çətin olmayacaq bir modelin tətbiqinin ilkin pilot layihə kimi mümkün olduğunu göstərir.

Bu baxımdan universitetə daxil olub-olmamasından və yaxud hansı ixtisas qrupu üzrə imtahan verməsindən asılı olmayaraq, bütün şagirdlər üçün geniş həcmli yeni bir fənn proqramı yaratmaq əvəzinə, Azərbaycan tarixi və milli ədəbiyyatı özündə birləşdirən, əsas və fundamental mövzularla məhdudlaşdırılmış, nisbətən sadə və balanslı bir “Azərbaycanşünaslıq” fənn modeli formalaşdırmaq mümkündür.

Belə bir yanaşmanın şagirdlər üçün əsassız əlavə yük yaratdığını söyləmək mütləq şəkildə doğru olmaz. Əksinə, söhbət şagirdin onsuz da tam orta təhsil müddətində keçdiyi Azərbaycan tarixi və ədəbiyyatı üzrə əsas biliklərin sistemləşdirilməsindən və təhsil pilləsinin sonunda qiymətləndirilməsindən gedir. Təbii ki, II və III ixtisas qruplarında mövcud olan Azərbaycan tarixi proqramına nisbətən daha asan, yüngül və bütün şagirdlər üçün ən əsas bilinməli məqamlardan ibarət bir buraxılış proqramı fənn mütəxəssisləri və ekspertləri tərəfindən hazırlana bilər.

Ən azı sadələşdirilmiş modeldə əsas tarixi hadisələr, dövlətçilik mərhələləri, Azərbaycanın müasir tarixi, milli ədəbiyyatın əsas klassikləri və mədəni irsin fundamental elementləri üzrə məhdud proqram müəyyənləşdirilə bilər.

Əsas məqsəd bütün şagirdləri əlavə və ağır proqramla yükləmək deyil. İxtisas qrupundan və gələcəkdə universitetə daxil olub-olmamasından asılı olmayaraq, orta təhsili başa vuran hər bir şagirdin öz ölkəsinin tarixini və milli ədəbi-mədəni irsinin əsasını bilməsini təmin etməkdir.

Buraxılış imtahanı niyə bunun üçün uyğun mərhələdir?

Buraxılış imtahanı bütün şagirdlər üçün ümumi xarakter daşıyan yekun qiymətləndirmə mexanizmlərindən biridir. Buna görə də Azərbaycan tarixi və milli-mədəni irslə bağlı baza biliklərinin yalnız müəyyən ixtisas qruplarına daxil olmaq istəyən abituriyentlər üçün deyil, bütün şagirdlər üçün qiymətləndirilməsi daha məntiqli ola bilər.

Çünki söhbət yalnız universitetə qəbuldan getmir.

Bir şagird gələcəkdə universitetə qəbul ola bilər və ya olmaya bilər; texniki, humanitar və ya başqa istiqamət seçə bilər. Lakin onun Azərbaycan vətəndaşı kimi öz dövlətinin tarixini, dövlətçilik ənənələrini, milli ədəbiyyatının əsas klassiklərini və mədəni irsinin fundamental elementlərini bilməsi ixtisas seçimindən asılı olmamalıdır.

Bu baxımdan “Azərbaycanşünaslıq”ın buraxılış imtahanına daxil edilməsi yalnız ali məktəbə qəbul mexanizmi kimi deyil, ümumi orta təhsilin yekun vətəndaşlıq-mədəni bilik qiymətləndirməsi kimi nəzərdən keçirilə bilər.

İlkin imtahan modeli

İlkin və şərti model olaraq “Azərbaycanşünaslıq” fənninə təxminən 40 dəqiqə vaxt ayrılması və fənnin 30 sualdan ibarət olması nəzərdə tutula bilər.

Nümunəvi bölgüdə:

- 20 sual – Azərbaycan tarixi və dövlətçilik;

- 10 sual – Azərbaycan ədəbiyyatı və mədəniyyəti

şəklində bölgü aparıla bilər.

Sual formatları müxtəlif ola bilər:

- qapalı, bir düzgün cavablı suallar;

- izah tələb edən açıq suallar;

- cavabı kodlaşdırıla bilən seçim tipli açıq suallar;

- uyğunlaşdırma tipli açıq suallar.

Nümunə olaraq Azərbaycan tarixi və dövlətçilik alt fənnində asan və çətin səviyyəli qapalı suallarla yanaşı, cavabın izahını tələb edən açıq sualların, eləcə də seçim və uyğunlaşdırma tipli açıq sualların tətbiqi mümkündür.

Digər fənlərdə tətbiq oldunduğu kimi burada da müvafiq olaraq izah tələb edən açıq suallarda şagirdin yalnız nəticə cavabı deyil, həmin cavabı əsaslandırması da nəzərə alına bilər. Meyarlardan və cavabın düzgünlük dərəcəsindən asılı olaraq qismən ballandırma mexanizmi tətbiq edilə bilər. Kodlaşdırılan açıq suallarda isə bütün düzgün elementlərin seçilməsi tam cavab kimi qiymətləndirilə bilər.

Məsələn, bir neçə ifadədən düzgün olanların seçilməsi və ya tarixi hadisələrin müvafiq illərlə uyğunlaşdırılması kimi tapşırıqlar tətbiq oluna bilər.

Bu rəqəmlər və bölgülər yalnız nümunəvi və şərti xarakter daşıyır. Sual sayı, vaxt, sual tipləri, çətinlik səviyyələri və bölmələr üzrə nisbətlər mütəxəssislərin elmi-pedaqoji araşdırmaları əsasında daha optimal şəkildə müəyyən edilə bilər.

Müasir Azərbaycan tarixinə xüsusi diqqət

Proqramda Azərbaycanın müasir tarixinə, xüsusilə İkinci Qarabağ müharibəsi, 8 Noyabr – Zəfər Günü və həmin dövrlə bağlı əsas tarixi hadisələrə kifayət qədər yer ayrılması məqsədəuyğundur.

Şagirdin Azərbaycanın müasir dövlətçilik tarixini, ərazi bütövlüyü uğrunda mübarizənin əsas mərhələlərini və müasir dövrün mühüm hadisələrini ümumi şəkildə bilməsi fundamental vətəndaşlıq biliklərinin tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Suallar yalnız əzbərçiliyə əsaslanmamalıdır

Fənnin hazırlanması zamanı mühüm prinsiplərdən biri də sualların sırf faktoloji əzbərçilik üzərində qurulmamasıdır.

Məsələn, sadəcə “Azərbaycan Xalq Cümhuriyyəti neçənci ildə yaranıb?” tipli sualla kifayətlənməkdənsə, həmin dövrə aid hadisələrin müəyyənləşdirilməsi, xronoloji ardıcıllığın qurulması, tarixi məlumatın şərh edilməsi və hadisələrin bir-biri ilə əlaqələndirilməsi kimi tapşırıqlara üstünlük verilə bilər.

Eyni yanaşma coğrafi xəritələr, siyasi proseslər, ədəbi əsərlər və mədəniyyət nümunələri üzrə suallara da tətbiq edilə bilər.

Beləliklə, “Azərbaycanşünaslıq” yalnız yaddaşın deyil, həm də məlumatı tanıma, əlaqələndirmə, interpretasiya və əsaslandırma bacarıqlarının qiymətləndirilməsinə xidmət edə bilər.

Ali təhsildə təkrarçılığın azaldılması

Təklifin digər mühüm istiqaməti orta və ali təhsil arasında məzmun təkrarçılığının azaldılmasıdır.

Şagird məktəbdə Azərbaycan tarixini keçir, lakin buraxılış imtahanında həmin biliklər ayrıca qiymətləndirilməsə də, universitetə daxil olduqdan sonra ümumi xarakterli tarix fənni ilə yenidən qarşılaşır və ona əlavə yük yaradır, əsas da texniki təmayüldə inkişaf edən tələbələr üçün.

Nəticədə tələbənin məktəb mərhələsində keçdiyi müəyyən fundamental mövzular ali təhsildə yenidən tədris olunur.

Əgər Azərbaycan tarixi və dövlətçilik üzrə bütün şagirdlər üçün zəruri hesab edilən baza bilikləri orta təhsil mərhələsində sistemləşdirilərək buraxılış imtahanında qiymətləndirilərsə, gələcəkdə xüsusilə texniki ixtisaslarda bu fənnin ali təhsil səviyyəsində hansı formada tədris edilməsinin zəruriliyi yenidən nəzərdən keçirilə bilər.

Xüsusilə I ixtisas qrupu və digər texniki istiqamətlər üzrə tələbələrin əsas diqqətinin öz ixtisaslarına yönəldilməsi baxımından belə bir bölgü müəyyən üstünlüklər yarada bilər.

Burada məqsəd Azərbaycan tarixinin əhəmiyyətini azaltmaq deyil. Əksinə, həmin biliklərin daha uyğun təhsil pilləsində mənimsənilməsi və qiymətləndirilməsi, ali təhsildə isə tələbənin ixtisaslaşmasına daha çox imkan yaradılmasıdır.

Bu səbəbdən söhbət sadəcə “universitetdə tarix fənninin ləğvi”ndən deyil, təhsil pillələri arasında funksional bölgünün və məzmun ardıcıllığının yenidən nəzərdən keçirilməsindən getməlidir.

Nəticə

“Azərbaycanşünaslıq” fənninin buraxılış imtahanına daxil edilməsi təklifi yeni və ağır bir proqramın şagirdlərin üzərinə qoyulmasını nəzərdə tutmur.

Əksinə, məqsəd məktəb proqramında onsuz da tədris olunan Azərbaycan tarixi, dövlətçilik, milli ədəbiyyat və mədəniyyət üzrə fundamental biliklərin sistemləşdirilməsi və bütün şagirdlər üçün ümumi şəkildə qiymətləndirilməsidir.

İxtisas qruplarından, gələcək peşədən və universitetə qəbul olub-olmamasından asılı olmayaraq, hər bir şagirdin öz tarixini, dövlətçilik ənənələrini və milli ədəbiyyatının əsasını bilməsi ümumi təhsilin mühüm nəticələrindən biri hesab edilə bilər.

Türkiyə və digər ölkələrin təcrübəsi göstərir ki, təhsil və qəbul sistemlərində şagirdlərin müxtəlif bilik sahələri üzrə qiymətləndirilməsi qeyri-adi yanaşma deyil. Azərbaycan üçün isə bu modelin daha məhdud, realistik və mövcud təhsil sisteminə uyğun forması - əsas mövzularla məhdudlaşdırılmış “Azərbaycanşünaslıq” fənni - nəzərdən keçirilə bilər.

Təklif olunan 30 sual, 20+10 bölgüsü, sual formatları, vaxt və digər texniki göstəricilər isə yalnız ilkin nümunə kimi təqdim olunur və dəyişdirilə bilər.

Əsas təklif bundan ibarətdir:

«Azərbaycanın tam orta təhsilini başa vuran hər bir şagird, hansı ixtisası seçməsindən və gələcəkdə universitetə daxil olub-olmamasından asılı olmayaraq, öz dövlətinin tarixini, dövlətçilik ənənələrini, milli ədəbiyyatının əsas klassiklərini və mədəni irsinin fundamental xüsusiyyətlərini bilməli və bu biliklər təhsil sisteminin yekun qiymətləndirmə mərhələsində müəyyən və lazımi səviyyədə ölçülməlidir. Bu, ali təhsil müəssisəsində yenidən tarix fənninin ümumi və ağır sillabusda tədrisindən daha effektiv üsul olar.»

Bu baxımdan “Azərbaycanşünaslıq” fənninin buraxılış imtahanına daxil edilməsi məsələsinin təhsil ictimaiyyəti, müvafiq dövlət qurumları və sahə üzrə mütəxəssislər tərəfindən elmi-pedaqoji əsaslarla müzakirəyə çıxarılması məqsədəuyğun hesab edilir.

Nilay Hüseynli

Xəbər Lenti

Gözdən Əlillər Kitabxanasında yeni kitabın video təqdimatı hazırlanıb04.10.2026 - 18:15
Ağdamda yeniyetmənin erkən evliliyə cəlb olunmasının qarşısı alınıb 04.10.2026 - 18:00
Bakıda müəllimə cinayət işi açıldı 04.10.2026 - 17:44
Paytaxtda bu gün “ Danışır Bakı “ festivalı keçirilib04.10.2026 - 17:33
ADU Ələddin Əliyevin vəfatı ilə bağlı başsağlığı verib04.10.2026 - 17:24
Şagirdlərin məktəbə velosipedlə getməsi təklif olunur04.10.2026 - 17:14
UNESCO müəllimlərə səsləndi: Şagirdlərə yalnız nəzəri bilik verməyin04.10.2026 - 17:08
Qubada yol-nəqliyyat hadisəsi nəticəsində məktəbli vəfat etdi04.10.2026 - 17:00
Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib04.10.2026 - 15:24
Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub04.10.2026 - 15:20
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir04.10.2026 - 15:15
“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib04.10.2026 - 15:11
Özbəkistanda iki nazirlik Təhsil və Elm Nazirliyinə birləşdirilib04.10.2026 - 14:59
Şəki-Zaqatala regionu üzrə 16 təhsil işçisi təltif olunub04.10.2026 - 14:54
Rektor: Universitetlər süni intellekt dövrünə uyğunlaşır04.10.2026 - 14:42
Azərbaycanlı modellər "Fashion Culture Day in Paris"də çıxış ediblər04.10.2026 - 14:33
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür04.10.2026 - 14:21
Azərbaycanda bu kollec təmirə 30 min xərcləməyi planlaşdırır04.10.2026 - 14:14
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb04.10.2026 - 14:08
Çin məktəblərdə süni intellekt təhsilini genişləndirir04.10.2026 - 14:01
"İlin Gənc Müəllimi" fəxri fərmanla təltif edildi04.10.2026 - 13:56
"Şahmaran" tamaşasının premyerası keçirilib04.10.2026 - 10:27
Türkdilli dövlətlərin kardioloqları Daşkənddə rəsmi açılış mərasimində iştirak ediblər04.10.2026 - 09:30
4 Oktyabr - Cəbrayılın azad edildiyi gün04.10.2026 - 08:47
4 Oktyabr - Cəbrayıl şəhər günü - ŞƏRH04.10.2026 - 08:18
Gözdən Əlillər Kitabxanasında Jül Vernin əsərinə həsr olunmuş videoçarx hazırlanıb—Video03.10.2026 - 19:30
Heydər Əliyev Azərbaycandır03.10.2026 - 18:10
Ağdamda "Rəqəmsallıq və süni intellekt" mövzusunda təlim keçirilib03.10.2026 - 18:04
Alman professor “Kitabi-Dədə Qorqud” dastanını mədəni körpü adlandırıb03.10.2026 - 18:00
Azərbaycan Media və Yayım Şurasının sədri Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb.03.10.2026 - 17:51
Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin yerli premyerası keçirilib.03.10.2026 - 17:33
Milli Aviasiya Akademiyası “ADEX 2026” Sərgisində iştirak edib03.10.2026 - 17:28
Azıx mağarası haqqında yeni sənədli film tamaşaçılara təqdim olunacaq03.10.2026 - 17:00
Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi davam edir03.10.2026 - 16:38
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub03.10.2026 - 16:22
“Xaricdə oxudacam” vədi ilə vətəndaşlardan 12 min manat aldı03.10.2026 - 15:31
Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib03.10.2026 - 15:25
BMU aliminin araşdırması “PLOS ONE” jurnalında03.10.2026 - 14:55
Xankəndidə "Vətəndəsən" II Qarabağ Təhsil Forumu keçirilib03.10.2026 - 14:50
Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir03.10.2026 - 14:41
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər03.10.2026 - 14:31
Şagird sayı azalsa da, texniki heyətin maaşı sabit qalacaq03.10.2026 - 14:27
Bakıda ənənəvi “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir03.10.2026 - 14:17
Odlar Yurdu Universiteti maliyyə vəziyyətini açıqlayıb03.10.2026 - 14:14
Suqovuşanın azad edilməsindən 6 il ötür03.10.2026 - 14:11
3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür03.10.2026 - 14:06
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq03.10.2026 - 10:01