Bu gün 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür. Bu tarix dünyanın müxtəlif ölkələrində təhsil sahəsində çalışanların əməyinə diqqətin artırılması və müəllim peşəsinin cəmiyyətdəki rolunun vurğulanması məqsədilə qeyd olunur.
"Tehsil365" xəbər verir ki, müəllimlik tarix boyu yalnız bilik ötürmək deyil, eyni zamanda gələcək nəsli formalaşdırmaq missiyası daşıyan peşələrdən biri hesab olunub. Məktəb illərində şagirdə verilən biliklə yanaşı, onun dünyagörüşünün formalaşması, düşünmə bacarığının inkişafı və həyata baxışının müəyyənləşməsində müəllimin rolu böyükdür.
Bu gün təhsil qarşısında əvvəlki illərdən fərqli tələblər dayanır. İnformasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsal resursların tədris prosesinə daxil olması və yeni təhsil yanaşmaları müəllimlərin fəaliyyətinə də təsir göstərir. Müasir müəllimdən fənnini yaxşı bilməklə yanaşı, yenilikləri izləmək, müasir tədris metodlarından istifadə etmək və şagirdin fərdi xüsusiyyətlərini nəzərə almaq tələb olunur.
Azərbaycanın təhsil sistemində də müəllimlərin peşəkar inkişafı və onların fəaliyyətinin stimullaşdırılması istiqamətində müxtəlif layihə və proqramlar həyata keçirilir. Müəllimlərin sertifikatlaşdırılması prosesi, peşəkar inkişaf imkanlarının genişləndirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı görülən işlər təhsil gündəliyinin əsas istiqamətləri sırasında yer alır.
Lakin müəllim əməyinin nəticəsini yalnız statistika və göstəricilərlə ölçmək mümkün deyil. Bir şagirdin əldə etdiyi uğurun arxasında çox vaxt illərlə davam edən müəllim zəhməti dayanır. Sinif otağında keçirilən dərslər, verilən tapşırıqlar, şagirdə göstərilən diqqət və vaxtında verilmiş bir tövsiyə onun gələcək seçimlərinə təsir edə bilir.
Müəllim peşəsinin ən mühüm xüsusiyyətlərindən biri də məhz budur: görülən işin nəticəsi bəzən illər sonra görünür.
5 Oktyabr həm də bu əməyin xatırlanması üçün bir fürsətdir. Bu gün məktəblərdə, təhsil müəssisələrində və müxtəlif kollektivlərdə müəllimlərin əməyinə həsr olunan tədbirlər keçirilir, pedaqoqların fəaliyyəti diqqətə çatdırılır.
“Təhsil365” İnformasiya Agentliyi olaraq bütün müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, onların məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar arzulayırıq.

