AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) energetika sahəsində tanınmış alim, texnika elmləri doktoru, akademik Arif Həşimovun həyat və elmi-ictimai fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, nəşr akademik Arif Həşimovun 75 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin qərarına əsasən “Görkəmli elm xadimləri” seriyası çərçivəsində hazırlanıb.
Elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov olan biblioqrafik göstəricidə Arif Həşimovun elmi və ictimai fəaliyyətini əks etdirən mühüm sənədlər, o cümlədən elm və texnika sahəsində 1978-ci il Azərbaycan Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı, AMEA əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, eləcə də AMEA Rəyasət Heyətinin müvafiq qərarı təqdim olunub.
Vəsaitdə akademikin monoqrafiyaları, elmi və elmi-kütləvi məqalələri, məruzələri, redaktə etdiyi materiallar, müəlliflik şəhadətnamələri və patentləri, elmi rəhbər, məsləhətçi və opponent olduğu dissertasiya işləri, redaktor, rəyçi və elmi məsləhətçi kimi iştirak etdiyi nəşrlər, həmçinin rəhbərliyi ilə hazırlanmış dissertasiya işləri haqqında məlumatlar öz əksini tapıb.
Biblioqrafik göstəricidən energetika və fizika sahələrində çalışan alim və mütəxəssislər, ali təhsil müəssisələrinin tələbələri, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

