Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşı İstanbulda keçirilən VIII Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresində ölkəmizi təmsil edib.
Bu barədə “Tehsil365”ə ATU-dan bildirilir ki, konqresdə ATU-nun Nevrologiya və Tibbi genetika kafedrasının dosenti Şəhla Mehdiyeva “Azərbaycanda dağınıq sklerozun müasir vəziyyəti: epidemiologiya, yayılma və xəstələnmə göstəriciləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Azərbaycanda dağınıq sklerozun epidemioloji vəziyyəti, xəstəliyin yayılma və xəstələnmə göstəriciləri ilə bağlı aktual elmi məlumatlar təqdim olunub. Şəhla Mehdiyeva, həmçinin kafedranın dosenti Rahim Əliyevin dissertasiya işi çərçivəsində əldə etdiyi elmi nəticələri konqres iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycanda dağınıq sklerozla bağlı təqdim olunan elmi nəticələr beynəlxalq mütəxəssislərin böyük marağına səbəb olub. Məruzə ətrafında fikir mübadiləsi aparılıb, təqdim olunan məlumatlar elmi müzakirələrə yol açıb.
Qlobal elmi platformada ATU əməkdaşının araşdırmaların nəticələri ilə bağlı təqdimatı ölkəmizdə dağınıq sklerozun öyrənilməsi istiqamətində həyata keçirilən tədqiqatların beynəlxalq elmi ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

