Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində 3 oktyabr – Almaniyanın Birlik Gününə həsr olunmuş Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin III Beynəlxalq Opera Festivalı keçirilib.
“Tehsil365” xəbər verir ki, bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev əvvəlcə Xalq artisti Fidan Hacıyevanın 50 illik yubileyi münasibətilə "Körpü" diplomunu yubilyara təqdim edib.
Tədbirdə Alman-Azərbaycan Cəmiyyəti İdarə Heyətinin üzvü, tarix elmləri doktoru Həcər Verdiyeva çıxış edərək almanların Azərbaycan torpaqlarında məskunlaşma tarixindən, onların ölkənin ictimai və mədəni həyatına verdikləri töhfələrdən, eləcə də Azərbaycan-Almaniya münasibətlərinin tarixi-mədəni aspektlərindən bəhs edib, Alman Lüteran kilsəsinin tarixi haqqında məlumat verib.
Festivalda Azərbaycan və Alman bəstəkarlarının əsərləri səsləndirilib. Tədbir çərçivəsində vokal və opera musiqisinin müxtəlif nümunələri təqdim olunub.
Konsert proqramında Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, gənc solistlər və "Mezzo" Kamera Orkestri iştirak edib.

