Avstriyadakı Azərbaycanın Mədəniyyət Mərkəzi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə Vyanada görkəmli xalçaçı-rəssam, Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyinə həsr edilmiş Azərbaycan xalçaçılıq sənəti sərgisinin açılışı olub.
“Tehsil365” xəbər verir ki, bu barədə “Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin zəngin irsinin Avropada tanıdılması məqsədi daşıyan sərgi Azərbaycan Prezidentinin 30 aprel 2026-cı il tarixli “Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil edilib.
Sərəncamda qeyd edildiyi kimi, 2026-cı ilin noyabr ayında Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas-alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi tamam olur. Sənətkar Azərbaycan xalq tətbiqi sənətinin inkişafına, tədqiqinə və təbliğinə mühüm töhfələr verib.
Lətif Kərimovun yaradıcılığı Azərbaycan xalçaçılığının inkişaf tarixində xüsusi yer tutur. Onun eskizləri əsasında toxunmuş çoxsaylı süjetli və portret xalçalar, eləcə də monumental xalçalar milli xalçaçılığın parlaq ənənələrini özündə yaşadan qiymətli sənət nümunələridir. Sənətkar Azərbaycan xalçalarının ornamental və kompozisiya xüsusiyyətlərini müəyyənləşdirərək onların sistemli təsnifatını işləyib hazırlayıb. Xalça sənəti üzrə apardığı fundamental tədqiqatlar isə bu gün də mötəbər mənbələr sırasında yer alır.
Sərginin açılış mərasimi Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub. Ekspozisiyada “Azərxalça” ASC-nin Azərbaycan xalçaçılıq sənətinin müxtəlif bədii və kompozisiya xüsusiyyətlərini əks etdirən xalça nümunələri təqdim olunub.
Sərgidə “Azərxalça” ASC-nin gənc rəssamlarla əməkdaşlığı çərçivəsində ərsəyə gəlmiş müasir xalçalarla yanaşı, klassik və milli xalça nümunələri də nümayiş etdirilib. Ekspozisiyada “Naxçıvan”, “Qarabağ”, “Cənnət narı 1”, “Cənnət narı 2”, “Yaddaşın memarı”, eləcə də “Qabıstan”, “Quba”, “Xilə-Əfşan”, “İsrafil”, “Bulud Şuşa”, “Xanlıq Ağçiçəklər”, “Əl-ələ yallı”, “Bakı” və “Zağlı” adlı xalçalar yer alıb.
Tədbirin açılış mərasimində Azərbaycanın Avstriyadakı səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun və Azərbaycan diasporunun nümayəndələri, eləcə də yerli mədəniyyət və incəsənət xadimləri, sənətşünaslar və sənətsevərlər iştirak ediblər”.
Sərginin açılışını Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova çıxış edərək sərginin Azərbaycan xalçaçılıq sənətinin beynəlxalq auditoriyaya təqdim olunması baxımından əhəmiyyətini vurğulayıb: “Bu sərginin Vyanada təşkil olunması Azərbaycan xalçaçılıq sənətinin zəngin irsinin beynəlxalq auditoriyaya təqdim olunması baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan xalçası əsrlər boyu formalaşan milli ənənələri, yaddaşı və estetik dəyərləri özündə yaşadan mühüm mədəni irs nümunəsidir. Bu sərgi vasitəsilə Azərbaycan xalçasının həm ənənəvi, həm də müasir nümunələrini Avstriya tamaşaçılarına təqdim etməkdən məmnunuq və inanırıq ki, layihə iki ölkə arasında mədəni əlaqələrin daha da inkişafına töhfə verəcək”.
Daha sonra “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov Azərbaycan mədəni irsinin, xüsusilə milli xalçaçılıq sənətinin Avstriya ictimaiyyətinə təqdim olunmasının, müxtəlif mədəniyyətlər arasında əlaqələrin möhkəmləndirilməsinin və Azərbaycan xalçasına beynəlxalq marağın artırılmasının əhəmiyyətini qeyd edib.
Bildirilib ki, yer alan nümunələr Azərbaycan xalçaçılığının zəngin bədii ənənələrini, ornament və kompozisiya müxtəlifliyini, eləcə də bu sənətin fərqli istiqamətlərini əks etdirir. Sərgi Azərbaycan xalçasının yalnız dekorativ-tətbiqi sənət nümunəsi deyil, həm də xalqımızın estetik dünyagörüşünü, tarixi yaddaşını və nəsildən-nəslə ötürülən sənətkarlıq irsini yaşadan mühüm dəyər olduğunu nümayiş etdirir.
Sərgi “Muzeylərin uzun gecəsi” – “ORF-Lange Nacht der Museen” layihəsi çərçivəsində də davam etdirilib. Tədbir çərçivəsində ziyarətçilərə xalçanın toxunma prosesi ilə yaxından tanış olmaq və bu prosesdə iştirak etmək imkanı yaradılıb. Toxuculuq prosesinə qoşulan iştirakçılar göstərdikləri əməyə görə “Azərxalça” ASC tərəfindən xüsusi sertifikatlarla təltif olunublar.
Lətif Kərimovun 120 illik yubileyi çərçivəsində Vyanada təşkil olunan sərgi görkəmli sənətkarın zəngin irsinin yad edilməsi ilə yanaşı, Azərbaycan xalçaçılıq sənətinin beynəlxalq mədəni platformada təqdim olunmasına da xidmət edir. Sərgi Azərbaycan xalçasının əsrlər boyu formalaşmış sənət ənənələrinin bu gün də yaşadıldığını, müasir yaradıcılıq yanaşmaları ilə inkişaf etdirildiyini və yeni auditoriyalara təqdim olunduğunu nümayiş etdirib.

