Azərbaycan təhsil sistemində bəzi müəllimlər var ki, onların iş günü təkcə bir məktəbin sinif otaqları ilə məhdudlaşmır. Səhər bir təhsil ocağında dərslərə girən bu pedaqoqlar, günün ikinci yarısında digər məktəbin qapısını açır, iki fərqli kollektivdə, iki fərqli şagird kontingenti ilə işləməli olurlar. Eyni anda iki fərqli məktəbdə çalışmaq məcburiyyəti və ya zərurəti təhsil mühitinin müzakirə olunan reallıqlarından biridir.
“Tehsil365” xəbər verir ki, Mövzuyla bağlı təhsil eksperti Elmin Nuri Modern.az-a danışıb.
“Orta ümumtəhsil seqmentimizdə qanunvericiliyə əsasən, təhsilverənlərin, yəni müəllimlərin iki yerdə — əlavə iş yerində işləmək imkanı var. Bunun müəyyən istiqamətləri var və əsasən də əlavə iş yeri olan müəllimlər başqa məktəbdə müddətli müqavilə əsasında çalışırlar. Müəllimlər əsasən hansısa məktəbdə saat boşluğu olduğunu bilirlərsə,həmin məktəblərə müraciət edir və cədvəl əsasında öz dərsini deyir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov da jurnalistlərə müsahibəsində bildirmişdi ki, kənd məktəblərində çalışan müəllimlərə bəzi hallarda hətta üç yerdə işləmək şansı da verilə bilər”.
Ekspert vurğulayıb ki, bu həm müəllim çatışmaalığından yaranan ehtiyac həm də müəyyən sosial öhdəlikdir.
Elçin Əfəndinin sözlərinə görə isə, bir qrup müəllimlər məktəbdə 5-6 tədris saatı ilə işləyir,qalan vaxtını repetitor olaraq fəaliyyət göstərir.
“Bəzi müəllimlər, repetitor hazırlığında daha çox gəlir əldə etdiyi üçün məhz məktəbdə bir o qədər də işləmək, vaxt keçirmək niyyətində olmurlar.Bu da, əlbəttə ki, digər müəllimlərin həmin vakant yerləri tutmasına imkan vermir. Nəticə etibarilə müşahidə edirik ki, vakant yerlər müəllimlər tərəfindən tutulmur və yaxud da dərs saatı çox az qaldığı üçün həmin yerlərə gedən olmur. 6-8 saatın əməkhaqqı çox az olur və Müəllimlərin İşə Qəbulu İmtahanında iştirak etmələrinə baxmayaraq çıxarılan vakansiyanı seçmirlər”.
Elçin Əfəndi qeyd edib ki, bəzi müəllimlər həm təhsil müəssisəsində çalışır, həm də alternativ başqa sahələrdə çalışırlar ki, ailənin dolanışıq vəziyyətini yaxşılaşdırsınlar:
“Həmin müəllimlərin vəziyyətini repititorluq edənlərə nisbətdə başa düşüləndir. Çünki repititorluq edən müəllimlərin 5-6 dərs saatlıq fəaliyyətləri məktəblərdə müəllim çatışmazlığına gətirib çıxarır”.

