5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrində təhsil işçilərinin peşə bayramına həsr olunmuş silsilə tədbirlər təşkil edilib.
“Tehsil365” xəbər verir ki, sentyabrın 28-dən etibarən şəhər və rayonlarla yanaşı, ucqar yaşayış məntəqələrini də əhatə edən tədbirlərdə Milli Məclisin deputatları Müşfiq Məmmədli, Şahin Seyidzadə və Məşhur Məmmədov, həmçinin ETİHİ Respublika Komitəsinin məsul əməkdaşları, yerli həmkarlar ittifaqı komitələrinin nümayəndələri, regional təhsil idarələrinin rəhbərləri, təhsil sektorlarının müdirləri, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirlərdə çıxış edən qonaqlar Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onlara pedaqoji fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıblar.
Səmimi ünsiyyət şəraitində keçən görüşlər zamanı müəllimlərin gündəlik fəaliyyəti və onları maraqlandıran məsələlər müzakirə olunub.
Həmçinin ETİHİ Respublika Komitəsi tərəfindən ittifaq üzvlərinin əmək və sosial hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, istirahət və müalicəsinin təşkili istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

