Bakı Dövlət Universiteti (BDU) ilə Qobustan Milli Tarix-Bədii Qoruğu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənəd qoruq ərazisindəki arxeoloji və mədəni irs nümunələrinin müasir elmi metodlarla tədqiqi, rəqəmsallaşdırılması, mühafizəsi və bu istiqamətdə birgə elmi fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur.
“Tehsil365”bildirirki bu barədə məlumat “Report” a BDU-nun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sənədi BDU-nun rektoru Elçin Babayev və Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev imzalayıblar.
Memoranduma əsasən, BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu qoruq ərazisində yerləşən arxeoloji, qayaüstü təsvir və digər mədəni irs nümunələrinin elmi tədqiqi, sənədləşdirilməsi, rəqəmsallaşdırılması, mühafizəsi və təbliği, habelə bu sahələrdə müasir elmi və texnoloji metodların tətbiqi üzrə əməkdaşlıq edəcəklər.
Tərəflər Qobustan Qayaüstü İncəsənət Mədəni Landşaftının multidissiplinar tədqiqi məqsədilə geofizika, arxeologiya, tarix, coğrafiya, geologiya, informasiya texnologiyaları, məsafədən zondlama, coğrafi informasiya sistemləri (GIS), süni intellekt və digər müvafiq elmi istiqamətlər üzrə Qobustan ərazisinin arxeoloji və mədəni irs potensialını müasir elmi metodlarla kompleks şəkildə öyrənəcək, birgə ekspedisiya, sahə tədqiqatları həyata keçirəcəklər.
Bununla yanaşı, BDU-nun tələbə, magistrant, doktorant və tədqiqatçılarının real arxeoloji və mədəni irs mühitində elmi-təcrübi fəaliyyətə cəlb edilməsi, Qobustanın elmi potensialının yerli və beynəlxalq akademik mühitdə tanıdılması da memorandumda əks olunub.

