“Son dövrlərdə qidaların keyfiyyəti və uşaqların düzgün qidalanması məsələsi aktual olaraq qalır. Maddi çətinliklər səbəbindən bir çox ailənin daha ucuz qidalara üstünlük verməsi isə uşaqların sağlam və balanslı qidalanmasına təsir göstərə bilər.”
Bu sözləri “Tehsil365”ə açıqlamasında Tibb eksperti Rasif Bağırov deyib. Ekspert bildirib ki, həm marketlərdə, həm də gündəlik istehlak olunan məhsullar arasında keyfiyyətsiz qidalar mövcuddur. Onun sözlərinə görə, ölkə əhalisinin böyük əksəriyyəti maddi problemlərə görə daha ucuz qidalara üstünlük verməyə məcbur olur.
“Əsas orqanizmi gücləndirən qidalardan kifayət qədər yararlana bilmirlər. Nəticədə ciddi problemlər ortaya çıxır. Problem dedikdə, orqanizmdə maddələr mübadiləsinin zəifliyi olur, uşaqların immuniteti zəifləyir, vaxtı-vaxtında vitamin qəbul etmirlər. Nəticədə proqramsız inkişaf prosesi gedir. Nəticədə müqavimətləri əyilir, immunitet aşağı düşür və müxtəlif xəstəliklər çoxalır”, – deyə ekspert bildirib.
Ekspert qeyd edib ki, uşaqların qidalanmasına erkən yaşlardan xüsusi diqqət yetirilməlidir:
“Əslində, 1 yaşdan 18 yaşa qədər müəyyən proqram çərçivəsində qidalanmalı, müəyyən əlavələri qəbul etməlidirlər ki, yeniyetməlik dövründən gənclik dönəminə keçid düzgün olsun. Lakin bizdə valideynlərin çoxu bu məsələyə laqeyd yanaşır, uşaqların yeməyinə və qidalanmasına fikir vermirlər”.

