“Bakı məktəblərində təhsil alan şagirdlərin qəbul imtahanlarında topladığı ballar arasında fərqin əsas səbəblərindən biri infrastrukturdur. Bakı şəhərində həm ümumtəhsil məktəblərində infrastruktur daha genişdir, həm də repetitor müəllimlərin sayı çoxdur ki, bu da nəticələrə təsir göstərir”
Bu sözləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Ekspert bildirib ki, regionlarda da öz sahəsinin peşəkarı olan, təcrübəli repetitorlar fəaliyyət göstərir. Lakin Bakı ilə müqayisədə onların sayı nisbətən azdır. Xüsusilə rayon mərkəzlərində repetitor tapmaq mümkün olsa da, kənd yerlərində bu imkanlar məhduddur
R.Nurəliyev qeyd edib ki,
“İkinci səbəb ailə amilidir. Bəzi regionlarda, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan ailələrdə uşaqların təhsilə yönləndirilməsi zəifdir. Bakı şəhərində isə əksər valideynlər övladlarını, xüsusən də ali məktəbə hazırlıq istiqamətində daha çox həvəsləndirir və dəstək olur”
“Üçüncü amil şagird sayı ilə bağlıdır. Bakı şəhərində şagird sayı regionlarla müqayisədə xeyli çoxdur və bu fərq qəbul imtahanlarının statistikasında da özünü göstərir”
“Bütün bunlara baxmayaraq, region şagirdləri arasında yüksək nəticə göstərənlər az deyil. Son üç ilin statistikasına nəzər salsaq, 600-dən yuxarı bal toplayanlar və Respublika fənn olimpiadalarında qalib olanlar arasında region məktəblilərinin, xüsusilə də qız şagirdlərin sayının artması qürurvericidir”
“Bu, regionlarda valideynlərin övladlarının təhsilinə daha çox diqqət ayırması, eyni zamanda dövlət qurumları, qeyri-hökumət təşkilatları və özəl sektorun birgə apardığı maarifləndirmə işlərinin nəticəsidir. İllər üzrə müqayisədə regionlarda təhsilə olan diqqət və qayğı nəzərəçarpacaq dərəcədə artıb və bu, qəbul imtahanlarının nəticələrində aydın görünür”

