Oktyabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) professor Əsgər Zeynalovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti, dekanlar, kafedra müdirləri, alimin ailə üzvləri və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edənlər professorun zəngin elmi irsindən, pedaqoji fəaliyyətindən və insani keyfiyyətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Məlumat üçün bildirək ki, professor Əsgər Zeynalov Azərbaycan ədəbiyyatşünaslığında çoxşaxəli tədqiqatları ilə tanınır. O, 40-a yaxın kitabın və 400-dən artıq elmi-publisistik məqalənin müəllifidir. Volter və Viktor Hüqo haqqında Azərbaycan ədəbiyyatşünaslığında ilk monoqrafiyalar məhz onun qələminə məxsusdur.
Alimin əsərləri ABŞ, Rusiya, Fransa, Almaniya, İngiltərə, Kanada, Hindistan və İsveç kimi ölkələrdə nəşr olunub.
Əsgər Zeynalov 1998-2012-ci illərdə ADU-nun Praktik fransız dili kafedrasının, 2017-2020-ci illərdə Qafqazşünaslıq kafedrasının müdiri olub. 2004-cü ildən Tələbə Elmi Cəmiyyətinin sədridir. Hazırda Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri və Təhsil-2 fakültəsinin Xarici Dillər kafedrasının professorudur.

