Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində çalışan bir qrup təhsil işçisi 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib.
“Tehsil365”xəbər verir ki, tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA, Bakı Şəhər İcra Hakimiyyəti, Təhsil İnstitutu və Həmkarlar İttifaqının nümayəndələri, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən Nərminə Hüseynova müəllimləri peşə bayramı münasibətilə təbrik edərək, müəllimlik peşəsinin cəmiyyətin gələcəyinin formalaşmasında xüsusi rol daşıdığını vurğulayıb. O bildirib ki, müəllim yalnız bilik öyrədən deyil, şagirdin dünyagörüşünün və gələcəyə baxışının formalaşmasına təsir göstərən insandır.
Digər çıxışçılar da müəllimlərin peşəkarlığının və şagirdlərə göstərdikləri diqqət və qayğının təhsil mühitinin keyfiyyətinə birbaşa təsir göstərdiyini qeyd ediblər.
Tədbir bədii hissə ilə davam edib, 19 nömrəli tam orta məktəbin şagirdi və 1, 3, 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvlərinin ifasında musiqi və rəqs nömrələri təqdim olunub.

