Britaniyalı dramaturq, librettist və tərcüməçi Rori Mullarki Bakıdakı “Xırmanda” tamaşasının premyerasından sonra Azərbaycan teatr kollektivi ilə əməkdaşlığını yüksək qiymətləndirib. O bildirib ki, yerli komandanın pyesə gətirdiyi ideya və obrazlar onun britaniyalı həmkarlarının heç vaxt düşünməyəcəyi yanaşmalar olub.
“Tehsil365” xəbər verir ki, bu sözləri tamaşanın premyerasından sonra “AZƏRTAC” -ın müxbiri ilə söhbətində tanınmış britaniyalı dramaturq, librettist və tərcüməçi, çoxsaylı mükafatların laureatı Rori Mullar¬ki deyib. Onun eyniadlı pyesi əsasında hazırlanan “Xırmanda” tamaşası “CHARACTERS” teatrının təşkilatçılığı, “British Council”un dəstəyi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Səsyazma evi”ndə nümayiş olunub.
Müsahibimiz qeyd edib ki, bir xalqın müəlliflərinə aid müasir pyeslərin digər ölkələrin teatr kollektivləri tərəfindən tamaşaya qoyulması çox vacibdir.
“Təəssüf ki, hazırda dünya iqtisadiyyatında yaranmış mürəkkəb vəziyyət səbəbindən belə hallar olduqca az baş verir. Teatr mühitində “beynəlxalq əməkdaşlıq” lüks kimi qəbul edilir, halbuki əslində bu, zərurətdir. Məhz müxtəlif teatr mədəniyyətlərinin, ənənələrinin və texnikalarının qarşılıqlı təsiri sayəsində biz sənətkar kimi inkişaf edir və yalnız konkret milli auditoriyaya deyil, bütövlükdə bəşəriyyətə xitab edən əsərlər yaratmağı öyrənirik”, – deyə britaniyalı dramaturq vurğulayıb.
“Xırmanda” artan sinfi ziddiyyətlər və dəyişən dünya fonunda üç gəncin böyümə və yetkinləşmə hekayəsidir. Bir sıra kiçik səhnələr vasitəsilə tamaşaçı insanların əməyini, gündəlik həyatını və münasibətlərini izləyir. Lakin yeni hakimiyyətin gəlişi ilə mövcud nizam pozulur və qəhrəmanlar tarixin dönüş nöqtəsi ilə üz-üzə qalırlar.
“Xırmanda” tamaşası “British Council”un dəstəyi ilə “Connections Through Culture” proqramı çərçivəsində həyata keçirilən “CHARACTERS on Stage” layihəsinin nəticəsidir.
İngilis dilindən tərcüməni Svetlana Turan həyata keçirib. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mərdinli, quruluşçu rəssamı Rüfana Məmmədova, prodüseri isə İsmayıl İman olub.
Tamaşada rolları Məmməd Rəfiyev, Atika Əliyeva, Əliulla Vəliyev, Əvsəddin Ələkbərov, Fərid İsmayılov, Rəşad Əliyev, Sabina Asim, Fidan Ağaverdiyeva, Ergün Camalzadə və Rizvan Ələsgər ifa ediblər.

