Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Bakıda Yunus Emre İnstitutunun Türk Mədəniyyət Mərkəzində Anadolu Məktəbi layihəsi çərçivəsində keçirilən yazar və oxucu görüşündə iştirak edib.
“Tehsil365”xəbər verir ki, tədbirdə Türkiyə və Azərbaycanın ədəbiyyat və mədəniyyət nümayəndələri, millət vəkilləri, təhsil işçiləri və gənc oxucular bir araya gəlib.
Görüşdə çıxış edən Kamal Abdulla yaradıcılığı və ədəbi fəaliyyəti barədə məlumat verib. O, "Yarımçıq əlyazma" romanı, "Gizli Dədə Qorqud" əsəri, Rafiq Əliyevlə həmmüəllifi olduğu "Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq" və "Qeyri-səlis məntiq və dil-nitq" kitabları haqqında danışıb.
Akademik həmçinin hekayə yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb və iştirakçıların suallarını cavablandırıb.
Tədbirdə Anadolu Məktəbi Vəqfinin Müvəkkillər Heyətinin üzvü Muhammed Hakan Tanrıöver, Türkiyənin Bakıdakı səfirliyinin Mətbuat müşaviri Alptekin Cihangir İşbilir, yazıçı və tərcüməçi İmdat Avşar və digər qonaqlar iştirak ediblər.
Yunus Emre İnstitutunun Bakıdakı koordinatoru Gökhan Seyhan çıxışında Anadolu Məktəbi layihəsinin əhəmiyyətindən danışaraq bildirib ki, gənclərin eyni əsərləri oxuması və həmin əsərlər ətrafında fikir mübadiləsi aparması onların dünyagörüşünün genişlənməsinə töhfə verir.
Qeyd edək ki, Anadolu Məktəbinin əsas məqsədi gənclərin dəyərli ədəbi əsərləri mütaliə etməsinə, təhlil etməsinə və fikirlərini sərbəst ifadə etməsinə şərait yaratmaqdır.

