Respublika Gözdən Əlillər Kitabxanasının fəaliyyəti ilə bağlı reportaj hazırlanıb.
“Tehsil365”xəbər verir ki, reportajda kitabxananın əsas fəaliyyət istiqamətləri, kitab fondu, Brayl əlifbası ilə nəşrlər, səsyazma studiyası və oxucular üçün yaradılan mütaliə imkanları geniş şəkildə təqdim olunub.
Hazırlanan süjetdə kitabın oxucuya çatdırılmasının müxtəlif yollarına diqqət yetirilir. Brayl yazısı vasitəsilə toxunaraq mütaliədən səsləndirilmiş materialların dinlənilməsinə qədər müxtəlif imkanlar nümayiş etdirilir.
Reportaj zamanı kitabxananın səsyazma studiyasının fəaliyyəti də izlənilib. Burada kitab və digər mətnlərin səsləndirilməsi, səs yazısının texniki emalı və hazır audio materialların oxucuların istifadəsinə təqdim olunması prosesi barədə məlumat verilib.
Süjetdə kitabxana əməkdaşları ilə müsahibələrə yer ayrılıb. Oxucuların kitabxanaya müraciətləri, Brayl nəşrlərindən və səsləndirilmiş kitablardan istifadələri, mütaliənin onların həyatındakı rolu barədə fikirləri təqdim olunub.
Reportajın əsas mesajlarından biri mütaliəyə çıxış imkanlarının müxtəlifliyidir. Kitabın insanlara çatdırılması yalnız ənənəvi çap formatı ilə məhdudlaşmır. Brayl nəşrləri və audio materiallar görmə məhdudiyyətli şəxslərin informasiya və mütaliə imkanlarının genişləndirilməsində mühüm rol oynayır.
Respublika Gözdən Əlillər Kitabxanası fəaliyyətində oxucuların informasiya, təhsil və mədəni resurslara əlçatanlığının təmin edilməsinə xüsusi diqqət yetirir. Kitabxananın fondu və xidmətləri müxtəlif oxucu qruplarının tələbatlarına uyğun olaraq formalaşdırılır.
“Tehsil365” İnformasiya Agentliyinin hazırladığı reportaj vasitəsilə izləyicilər kitabxananın gündəlik fəaliyyəti, burada həyata keçirilən işlər və kitabın oxucuya çatdırılmasının müxtəlif formaları ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər.

