Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetdə fəaliyyət göstərən əcnəbi müəllimlərlə görüşüb.
“Tehsil365”ə QU-dan bildirilib ki, görüş zamanı rektor müəllimlərlə tanış olub, onların Xankəndidə və Qarabağ Universitetində fəaliyyətə başlamaları ilə bağlı ilk təəssüratlarını öyrənib, qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb. Rektor müxtəlif ölkələrdən olan müəllimlərin universitetə cəlb edilməsinin tələbələrin fərqli akademik yanaşmalar və beynəlxalq təcrübələrlə tanış olması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Ş.Bayramov əcnəbi müəllimlərin öz təcrübə və biliklərini tələbələrlə bölüşməklə yanaşı, universitetin akademik mühitinə yeni baxışlar gətirəcəyinə və beynəlxalq əməkdaşlıqların inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. O, Xankəndidə fəaliyyət göstərməyin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, müəllimlərin burada qazandıqları təcrübənin də onların peşəkar fəaliyyətində özünəməxsus yer tutacağına inandığını bildirib.
Əcnəbi müəllimlər Qarabağ Universitetində fəaliyyət göstərməkdən məmnunluq duyduqlarını, Xankəndiyə böyük maraq və həvəslə gəldiklərini bildiriblər. Onlar müxtəlif ölkələrin qabaqcıl universitetlərində qazandıqları beynəlxalq akademik və peşəkar təcrübəni Qarabağ Universitetinə gətirərək tələbələrin təhsilinə və universitetin akademik mühitinin inkişafına töhfə vermək niyyətində olduqlarını qeyd ediblər.
Görüş zamanı universitetdə beynəlxalq təcrübənin tətbiqi, tələbələrlə qarşılıqlı öyrənmə mühitinin formalaşdırılması və əcnəbi müəllimlərin akademik fəaliyyətinin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Hazırda Qarabağ Universitetində Türkiyədən 4, Türkmənistandan 4, ABŞ-dən 2, Kanadadan 1, Qırğızıstandan 1, İordaniyadan 1 və Belçikadan 1 əcnəbi müəllim fəaliyyət göstərir.








